Reuters-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, son dövrlərdə Çinin ən populyar texnologiya brendlərindən birinə çevrilən DeepSeek mikroçip dizaynı sahəsinə daxil olur.
Marja xəbər verir ki, Şirkətin hazırladığı yarımkeçirici avadanlığın mövcud böyük dil modellərinin öyrədilməsi üçün deyil, sistemin istifadəçilərdən gələn sorğulara cavab verməsini təmin edən hesablama gücünü optimallaşdırmaq məqsədilə dizayn edildiyi qeyd olunur.
Bu strateji addım uğurla nəticələnərsə, startapın hazırda həm qlobal lider Nvidia-dan, həm də yerli texnologiya nəhəngi Huawei-dən olan aparat təminatı asılılığını əhəmiyyətli dərəcədə azalda biləcəyi gözlənilir.
Hələ kifayət qədər erkən mərhələdə olduğu vurğulanan bu xüsusi layihə üçün DeepSeek-in xarici tərəfdaşlarla sıx təmaslara başladığı bildirilir.
İşə qəbul siyasətində aqressiv sürətlənmə
Sızan məlumatlara görə, startap yarımkeçirici sektorunun aparıcı çip dizayn şirkətləri, çip istehsalçıları və yaddaş texnologiyaları üzrə şirkətlərlə artıq danışıqlara başlayaraq texniki detalları müzakirə edir.
Məlumata görə, DeepSeek layihəni sürətləndirmək məqsədilə son aylarda çip dizayn mühəndislərinin işə qəbulunu kəskin şəkildə artırıb. Lakin texnologiya şirkətinin sektordakı istedad axtarışını rəqiblərinə və ictimaiyyətə açıqlamamaq üçün heç bir açıq vakansiya elanı yerləşdirmədiyi, bütün işə qəbul proseslərini məxfilik şəraitində apardığı bildirilir.