AZ

Şamaxıdan Kostanaya: Azərbaycanlı aqronomun uğur formulu

Kostanay, 8 iyul, AZƏRTAC

Azərbaycandan Qazaxıstana 40 il əvvəl köçən aqronom Sərxan Bəkirov bu gün Kostanay vilayətinin aparıcı tərəvəz istehsalçıları sırasındadır. Şamaxıda təhsil alan mütəxəssis sovet aqronomiya məktəbinin təcrübəsini müasir Avropa texnologiyaları ilə uğurla birləşdirib.

Sərxan Bəkirov AZƏRTAC-a müsahibəsində deyib ki, atası, babaları və bütün əcdadları Azərbaycandandır. Onun bir mütəxəssis kimi formalaşmasında da doğma torpağın mühüm rolu olub.

Onun peşəyə gedən yolu Şamaxıdan başlayıb. O, 1978-ci ildə Şamaxı Kənd Təsərrüfatı Texnikumunu bitirib. Aqronom bu təhsil bazasını həyatında həlledici mərhələlərdən biri hesab edir.

Texnikumu bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra 1983-cü ildə gənc mütəxəssis Kostanay vilayətinə gəlir. Burada institutda təhsil alır. Həmin vaxtdan onun həyatı Qazaxıstanın aqrar-sənaye sahəsi ilə sıx bağlıdır.

Bu gün Sərxan Bəkirovun təsərrüfatı Kostanay vilayətində sənaye miqyasında tərəvəz istehsalı üzrə liderlər sırasında yer alır. Burada açıq sahələrdə və istixanalarda bazarda tələbat olan əsas məhsullar - kartof, kələm, yerkökü, çuğundur və xiyar yetişdirilir.

Yüksək məhsuldarlığın əsas səbəblərindən biri təsərrüfatda müxtəlif aqronomik yanaşmaların düzgün uzlaşdırılmasıdır. Aqronom klassik prinsiplərlə müasir texnologiyaları birləşdirərək effektiv nəticə əldə etdiyini bildirir: “Burada Avropa texnologiyalarını tətbiq etmişəm, eyni zamanda, sovet aqronomiya məktəbinin təcrübəsindən də istifadə edirəm”.

Sərxan Bəkirov vurğulayır ki, daim üzərində işləməsi və elmi yanaşmalardan istifadə etməsi nəticəsində həm məhsuldarlığı artırmağa, həm də məhsulların yetişmə müddətini qısaltmağa nail olub.

Aqronom gəncliyindən bəri bu peşəni çox sevdiyini, yorulmadan bu işlərlə məşğul olduğunu qeyd edir. Onun ən böyük arzularından biri topladığı zəngin təcrübəni yeni nəslə ötürmək, gənc həmvətənlərinə bu işin sirlərini öyrətməkdir.

Qazaxıstanda uzun illər əmək fəaliyyəti göstərməsinə baxmayaraq, o, tarixi Vətəni olan Azərbaycanı da daim yaxından izləyir, ölkəmizin mühüm tarixi anlarını qəlbində yaşayır.

Müsahibimiz Vətən müharibəsindəki Qələbəni böyük qürur hissi ilə xatırlayır. “Şadam ki, Azərbaycan torpaqlarını geri qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin! Azərbaycan bizim Vətənimizdir, ürəyimizdədir. Azərbaycanla nəfəs alırıq”, - deyə o vurğulayır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Kostanay
Seçilən
91
1
azertag.az

2Mənbələr