AZ

Məzun: SABAH proqramı çərçivəsində layihələrdə iştirak etməyim mənə təcrübə qazandırıb

Bakı, 8 iyul, AZƏRTAC

SABAH qruplarında təhsil almaq tələbəlik həyatımda böyük dəyişiklik yaradıb. Burada qazandığım bilik və təcrübə peşəkar inkişafıma mühüm töhfə verib.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2026-cı il SABAH məzunu Rahib Allahquliyev deyib. Onun sözlərinə görə, II kursdan etibarən SABAH qruplarında təhsil alıb və bu seçimindən heç vaxt peşman olmayıb. Proqram çərçivəsində peşəkar müəllim heyəti ilə işləmək, fərqli tədris mühiti və yaradıcı layihələrdə iştirak etmək imkanları ona mühüm təcrübə qazandırıb.

“SABAH qruplarında oxuduğum müddətdə bir çox xarici festivallarda iştirak etmişəm. Eyni zamanda, Azərbaycanda keçirilən müxtəlif festivallarda və layihələrdə tələbə kimi çıxış etmişəm. Bu imkanlar həm yaradıcılıq, həm də peşəkar inkişafım baxımından çox dəyərli olub”, - deyə Rahib Allahquliyev qeyd edib.

Müsahibimiz bildirib ki, proqram çərçivəsində dərslər yüksək səviyyədə təşkil olunurdu və tələbələrin beynəlxalq mühitdə özlərini təsdiq etmələri üçün hərtərəfli dəstək göstərilirdi. O, universitetində SABAH magistr proqramı yaradılacağı təqdirdə təhsilini həmin proqram üzrə davam etdirmək istədiyini də bildirib.

Qeyd edək ki, Rahib Allahquliyev “SABAH-ın Məzunu 2026” tədbirində yüksək akademik göstəricilərinə görə fərqlənən fəxri məzun kimi təltif olunub.

Müxbir – Nərmin Murad
Fotoqraf – Azər İbrahimov
Videooperator – Ceyhun Mustafayev
Seçilən
57
1
azertag.az

2Mənbələr