"Amerikalı senator Stiv Deynsin Azərbaycana səfər etməsi və Prezident İlham Əliyev tərəfindən qəbul olunması ABŞ-Azərbaycan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini göstərir. Bu səfər həm də iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün müxtəlif istiqamətlər üzrə yeni qərarların qəbul edilməsinin vacibliyini ortaya qoyur. Bunun üçün Stiv Deynsin kimlərlə görüş keçirdiyinə diqqət yetirmək lazımdır. Senator Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın prezidenti və xarici işlər naziri ilə görüşlər keçirib. Bu isə göstərir ki, müzakirə olunan əsas məsələlər sırasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyalar, süni intellekt və rəqəmsal həllərin iqtisadiyyatda tətbiqi ilə bağlı əməkdaşlıq imkanları yer alıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deyns ilə görüşü Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsini yenidən gündəmə gətirib. Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, strateji tərəfdaşlıq, regional təhlükəsizlik, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında səsləndirilən fikirlər Vaşinqton-Bakı xəttində dialoqun intensivləşdiyini göstərən məqamlar kimi qiymətləndirilir. Xüsusilə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərinə və onun sülh prosesində roluna toxunması diqqət çəkib.
Deputat qeyd edib ki, xarici siyasət istiqamətində iqtisadi inkişafın qarşısını ala biləcək maneələrin aradan qaldırılması məsələləri də müzakirə oluna bilər.
"Burada xüsusilə ABŞ-nin Azərbaycana tətbiq etdiyi Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğvi məsələsi gündəmə gələ bilər. Bundan əlavə, enerji sahəsində əməkdaşlığın inkişafı da əsas istiqamətlərdən biridir. Bütün bunlar nəticə etibarilə Azərbaycan və ABŞ tərəfdaşlığının regional logistika və kommunikasiya platformalarının inkişafına töhfə verə bilər. Xüsusilə Zəngəzur dəhlizi və “Tramp marşrutu”nun iqtisadi imkanları, yeni iqtisadi münasibətlər sisteminin formalaşması ilə bağlı məsələlərin də müzakirə predmeti ola biləcəyi düşünülür. Hesab edirəm ki, bütün bu proseslər regionda sülhə, inteqrasiyaya və Azərbaycan-ABŞ münasibətlərində daha dərin tərəfdaşlığın formalaşmasına xidmət edəcək".