AZ

"Paşinyan Qərbə inteqrasiyanı dayandırmaq niyyətində deyil" — Azad Məsiyev

"Əvvəlcə bir məsələyə aydınlıq gətirmək lazımdır. Nikol Paşinyan niyə hakimiyyətə gətirilmişdi? Bu yanaşmaya görə, ABŞ Paşinyanı məqsədli şəkildə hakimiyyətə gətirib və onun vasitəsilə Cənubi Qafqazda öz siyasətini həyata keçirməyə çalışır. Paşinyanın qarşısına qoyulan əsas vəzifələrdən biri Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və ölkənin xarici siyasətini Qərb yönümlü istiqamətdə formalaşdırmaq idi. Paşinyan son illərdə bu xətti ardıcıl şəkildə həyata keçirməyə çalışır. Ermənistanda həm dövlət, həm də qeyri-dövlət institutlarında bu siyasəti dəstəkləyən qüvvələr mövcuddur. Bununla belə, Paşinyan reallığı da yaxşı anlayır. O görür ki, Rusiyanın Ermənistana təsir imkanları hələ də kifayət qədər genişdir. Bu təsir iqtisadi, siyasi və hərbi sahələri əhatə edir. Məhz buna görə də, Qərb yönümlü siyasət yürütməsinə baxmayaraq, Moskva ilə münasibətlərdə tam qarşıdurma görüntüsü yaratmaq istəmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yollanıb. Səfər çərçivəsində onun İnnoprom-2026 beynəlxalq sənaye sərgisində iştirak edəcəyi, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüş keçirəcəyi gözlənilir. Paşinyanın son illərdə Qərblə inteqrasiyanı prioritet kimi təqdim etməsinə baxmayaraq, Moskva ilə siyasi və iqtisadi əlaqələri tamamilə qoparmamağa çalışması diqqət çəkir. Bu isə Ermənistan rəhbərliyinin bir tərəfdən Qərblə yaxınlaşma siyasətini davam etdirərkən, digər tərəfdən Rusiya ilə münasibətləri də müəyyən səviyyədə qorumağa çalışdığını göstərir.

Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyan mərhələli şəkildə Rusiyanın Ermənistandakı təsir rıçaqlarını zəiflətməyə və bu təsir imkanlarını neytrallaşdırmağa çalışır.

"İqtisadi, siyasi və hərbi sahələrdə bu istiqamətdə addımlar atılır. Eyni zamanda, Rusiyaya yaxın hesab edilən siyasi qüvvələrin və partiya liderlərinin təsir imkanlarının zəiflədilməsinə cəhd göstərilir. İqtisadi asılılığı azaltmaq məqsədilə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına və Avropa bazarları ilə ticarətin genişləndirilməsinə maraq göstərir. Kreml isə Ermənistanda aparılan bu siyasəti və təbliğatı diqqətlə izləyir. Əvvəllər Paşinyanı əsasən rusiyalı ictimai-siyasi xadimlər və ekspertlər tənqid edirdisə, artıq Rusiya rəsmiləri, o cümlədən prezident və xarici işlər naziri səviyyəsində də açıq etirazlar səsləndirilir. Moskvanın mövqeyi aydındır: “İki masada oturmaq olmaz”. Ermənistan ya Avropa İttifaqına inteqrasiya yolunu seçməli, ya da Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirməlidir. Paşinyan isə anlayır ki, Rusiya ilə əlaqələrin tamamilə kəsilməsi Ermənistan üçün ciddi iqtisadi nəticələr doğura bilər. Buna görə də, o, bir tərəfdən Moskva ilə iqtisadi münasibətləri qorumağa çalışır, digər tərəfdən isə siyasi kursunu Qərbə doğru istiqamətləndirir. Bu siyasət Rusiyada ciddi narazılıq yaradır. Çünki Moskvanın fikrincə, Paşinyan Ermənistanda qlobal güclərin maraqları arasında balans yaratmağa çalışsa da, bunu ardıcıl və etibarlı şəkildə həyata keçirə bilmir. Digər mühüm amil isə Rusiyada yaşayan ermənilərin sayının Ermənistandakı əhalinin sayına yaxın, bəzi hesablamalara görə isə daha çox olmasıdır. Rusiyadakı erməni diasporu uzun illərdir Ermənistanın siyasi proseslərinə təsir göstərən mühüm qüvvələrdən biri hesab olunur. Bundan başqa, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası və Rusiya sərhəd qoşunları ölkənin təhlükəsizlik sistemində mühüm rol oynayır. Paşinyan hazırda vaxt qazanmağa çalışır. Onun məqsədi Qərbə inteqrasiyanı mərhələli şəkildə davam etdirmək, eyni zamanda Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməkdir. Bu proses başa çatdıqdan sonra Moskva ilə münasibətlərin daha da uzaqlaşacağı ehtimal olunur. Bu yanaşmaya görə, Paşinyanın uzunmüddətli strateji hədəfi Ermənistanın gələcəkdə NATO ilə daha sıx əməkdaşlıq etməsi, əvvəlcə Avropa İttifaqına inteqrasiya etməsi, sonrakı mərhələdə isə təhlükəsizlik sistemini NATO ilə əlaqələndirməsidir. Təbii ki, Kreml bu siyasəti qəbul etmir. NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi Moskva tərəfindən birbaşa təhlükə kimi qiymətləndirilir. Buna görə də Rusiya Paşinyanın bu kursuna etirazını açıq şəkildə ifadə edir. Paşinyan isə Moskva ilə münasibətlərdə yaxınlıq görüntüsünü qorumağa çalışır. O, Rusiya rəhbərliyi, rusiyalı siyasətçilər, iş adamları və dövlət strukturlarında çalışan erməni əsilli şəxslərlə əlaqələri davam etdirərək keçid dövrü üçün əlavə vaxt qazanmağa çalışır. Bununla belə, Moskvanın mövqeyi dəyişmir. Rusiya hesab edir ki, Ermənistan artıq seçim etməlidir: ya Avropa İttifaqına inteqrasiya yolunu seçməli, ya da Avrasiya İqtisadi İttifaqında qalmalıdır. Paşinyan isə Avropa istiqamətindən geri çəkilmək niyyətində deyil. O, hakimiyyətə gəldiyi gündən Qərbə inteqrasiyanı Ermənistanın xarici siyasətinin əsas istiqaməti kimi təqdim edib və parlament seçkiləri ərəfəsində də bu mövqeyini açıq şəkildə bəyan edib. Nəticə etibarilə, Rusiya Ermənistan qarşısında konkret seçim tələbi qoyur və hesab edir ki, eyni vaxtda həm Qərblə, həm də Moskva ilə eyni səviyyədə strateji əməkdaşlıq aparmaq mümkün deyil. Ermənistanın gələcək xarici siyasət kursu məhz bu seçimdən asılı olacaq".

Seçilən
35
16
aznews.az

10Mənbələr