Gürcüstan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) iclasını tərk edərək Haaqa Bəyannaməsi üzrə səsvermədə iştirak etməkdən imtina edib. Buna səbəb sənədə Gürcüstanla bağlı qətnamənin daxil edilməsi olub.
Bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.
Məlumata görə, ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı qətnaməni də özündə əks etdirən Haaqa Bəyannaməsini qəbul edib. Buna etiraz olaraq Gürcüstan nümayəndə heyəti səsvermədə iştirak etməyib.
Hakim "Gürcü Arzusu" Partiyasının nümayəndələri sənədi ədalətsiz hesab etdiklərini bildiriblər.
Onların sözlərinə görə, qətnamədə həqiqətə uyğun olmayan məlumatlar və qeyri-dəqiqliklər yer alır, sənəd eyni zamanda Gürcüstan müxalifətinin mövqeyini təkrarlayır.