XIII əsr dünya tarixinin ən mürəkkəb və maraqlı çağlarından biridir. Tarixin bütün dövrləri kimi, bu yüzillik də salnaməçilərin, tərcüməçilərin və tarixşünasların yarğılarının təsiri altında qalıb. İstər islam, istərsə də xristian salnaməçilərinin moğol-tatarlara qarşı qərəzli və qəzəbli mövqe tutması başadüşüləndir. Dünyanı Tanrının oğluna- Çingiz xana tabe etdirmək istəyən moğollar Bağdadı fəth etmiş, Abbasi xəlifəsini kilimə büküb atların ayaqları altında qətlə yetirmişdilər. Moğol tümənlərinin bir qismi üçün “əmi oğlu”, digər bir qismi üçün isə “qardaş” olan Səlcuqluların paytaxtı Konya şəhərinə elə bir zərər vurmasalar da, bürclərini sökmüşdülər. Avropa “Oxçu xalqı”nın atlarının ayaqları altında qalmış, Roma papasını sancı götürmüşdü.
24 may 1247-ci ildə Roma Papasının elçiləri moğol sərkərdəsi Baycu noyonun düşərgəsinə çatdılar. Baycu noyon elçiləri moğol törələrinə uyğun olaraq ədəb-ərkanla qarşıladı. Onlar bir çadıra yerləşdirildi, yanlarına canişinin protokol işlərinə baxanlar və tərcüməçilər göndərildi. Protokol xidməti elçilərə Baycu noyonun qarşısına necə çıxmağı, hansı üslubla danışıqlar aparmağı, gətirilən məktub və ənamları necə təqdim etməyi başa saldılar. Amma məlum oldu ki,Roma papası IV İnokentinin səfirləri taxta eşşəyə mıxlanmağa layiqdirlər. Hesab edildi ki, onlar Tanrının ən ali qövm kimi yaratdığı moğolları qəddar və qaniçən sayır, Xaqana və onun canişininə təzim etmək istəmir, hətta hədlərini aşıb Oxçu xalqını xristianlığı qəbul etməyə çağırırlar. Üstəlik, dövrün diplomatik ənənələrinə zidd bir şəkildə o boyda yolu basa -basa əliboş gəliblər.
Baycu Noyon əvvəlcə onları öldürtmək istədi, lakin oryat tayfasından olan imperiya darğası Arqun ağanın gələcəyi xəbərini nəzərə alıb fikrindən daşındı. Həmçinin digər nüfuzlu moğollar da “elçiyə zaval yoxdur” prinsipini xatırladıb onu bu qərarından çəkindirdilər. Nəticədə Baycu noyon Roma elçilərinə Ulu Xaqanın hüzuruna getməyi təklif etdi. Səfirlər bu təklifi Baycunun yolda onları öldürtmək planı kimi qarşıladılar və imtina etdilər. İyulun 17-də Arqun ağa ordugaha çatdı. Papanın ac-yalavac saxlanılan və sözün əsl mənasında adam yerinə qoyulmayan səfirlərinin gözləri qarşısında Arqun ağanın şəninə düz bir həftə ziyafət verildi.
20 iyul 1247-ci ildə Baycu noyonun Roma papasına ünvanladığı məşhur ultimatum imzalandı. Beş gün sonra rahib Aselinin rəhbərlik etdiyi missiya həmin ultimatumla birlikdə Baycunun düşərgəsini tərk etdi. Baycunun Papaya ultimatumu belə idi:
“Ulu Xaqanın ilahi iradəsinə əsasən göndərilmiş Baycu noyonun sözüdür.
Ey Papa, bunları bil:
Sənin elçilərin yanımıza gəldilər və naməni bizə çatdırdılar. Elçilərin bizim hüzurumuzda çox yekə-yekə danışdılar, başlarından böyük sözlər söylədilər. Biz bilmirik ki, bu sözləri onlara deməyi sən tapşırmışdın, yoxsa öz mərifətləridir.
Məktubunda yazırsan ki, siz çoxlu insan öldürür, məhv edir və yer üzündən silirsiniz. Halbuki Tanrının dəyişməz iradəsi və bütün dünyanın sahibi olan Xanın törəsi bizə belə buyurur ki, kim hökmümüzü eşidərsə, öz torpağında, suyunda və ata-baba mülkündə qala bilər, lakin bütün yer üzünü birləşdirən Hökmdara itaət etməli və ona dəstək verməlidir. Kim bizim hökmümüzü və qanunlarımızı qəbul etməz və başqa cür hərəkət edərsə, məhv ediləcək, silinəcəkdir.
İndi isə əmrimizi sizə göndəririk. Əgər öz torpağınızda, suyunuzda və ata-baba mülklərinizdə qalmaq istəyirsinizsə, onda, ey Papa, sən şəxsən özün bizim yanımıza gəlməli və hüzurumuzda bütün yer üzünün hökmdarına tabe olmalısan. Əgər Tanrının dəyişməz əmrini və bütün dünyanın sahibi olan hökmdarın buyruğunu qəbul etməsən, onda bunun sonunun necə olacağını yalnız Tanrı bilir.
Əlavətən, gəlməzdən əvvəl öz elçilərini bizə göndərməlisən və öncədən bildirməlisən: gələcəksən, yoxsa gəlməyəcəksən? Bizimlə sülh və razılıq əldə etmək istəyirsən, yoxsa düşmən qalmaq niyyətindəsən? Bu əmrə cavabını da gecikdirmədən bizə göndər.
Bu hökmü Aybəy və Sərkisin əli ilə sizə göndərdik.
Məktub təqvimə görə, iyul ayının 20-ci günü, ... qalasının ərazisində yazıldı".
Əgər diqqətinizi çəkdisə, məktubun yazıldığı ərazinin qalasının adı əvəzinə üç nöqtə buraxdıq. Mətnin orijinalında ifadə belədir:
“In territorio Sitiens castri scripsimus.”
Tərcüməsi: "Biz bunu “Sitiens” qalasının ərazisində yazdıq".
“Sitiens” qalasını az qala bütün tarixçilər “Sisyan qalası” kimi tərcümə edir, Baycunun Roma elçilərini indiki Ermənistan Respublikasının Sisyan şəhərində qarşıladığını qeyd edirlər. Amma çox sadə bir sual yaranır: Məgər o çağlarda, hətta 20-ci əsrə qədər tarixdə “Sisyan” adlı bir qala, şəhər və ya qəsəbə olubmu? Tarixi adı “Qarakilsə” olan bu möhtəşəm məntəqənin ismi Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə dəyişdirilib. Əvvəlcə, “Sisəvan”, daha sonra “Sisian” şəklində rəsmiləşdirilib.
Həmin dövrlə bağlı önəmli tarixi qaynaqlardan olan Stefan Orbelinin “Sisakan vilayətinin tarixi” əsərində vilayətin 12 nahiyəsi olduğu qeyd olunur. Hər nahiyədəki əsas qalaların adı çəkilir. Stefan Orbelinin təsviri göstərir ki, XIII əsrdə artıq Zəngəzur kimi məşhurlaşmış “Sisakan” konkret yaşayış məntəqəsinin deyil, böyük siyasi-coğrafi bölgənin adı idi. Həmin mahallardan biri Orbelinin dövründə artıq “Kıştağ” və “Xojoraberd” adlanırdı.

Minyatürdə: Baycu Noyon Roma papasının elçilərini qəbul edir
S. Orbeli həmçinin yazır: