AZ

“Müəllim geyimi ilə bağlı ümumi çərçivə müəyyənləşdiriləcək” – Məzahir Məmmədli

"Bu məsələ ilə bağlı artıq rəsmi qərar qəbul olunub. Lakin bu qərardan əvvəl də bəzi məktəblər Elmi Şuralarının qərarı ilə müəllim geyimi ilə bağlı müəyyən vahid yanaşma tətbiq edirdilər. Ancaq Milli Məclisin qəbul etdiyi son qərar müəllimlərin vahid məktəb formasına keçməsi anlamına gəlmir. Burada söhbət müəllimlər üçün vahid forma tətbiqindən deyil, müəllim geyiminin müəyyən meyarlar əsasında tənzimlənməsindən gedir. Yəni qərarın məqsədi müəllimlərin qeyri-etik, həddindən artıq açıq və peşə nüfuzuna uyğun olmayan geyimlərdən çəkinməsini təmin etməkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilk dəfə hüquqi əsaslarla tənzimlənəcək. Milli Məclisin qəbul etdiyi son dəyişikliklərə əsasən, müəllimlərin tədris prosesində riayət etməli olduqları geyim tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Bu yenilik müəllim geyiminə dair vahid yanaşmanın formalaşdırılmasını nəzərdə tutur.

Ekspert qeyd edib ki, bu qaydalar müəllimlərin geyim tərzi ilə bağlı ümumi çərçivəni müəyyənləşdirəcək.

Seçilən
70
aznews.az

1Mənbələr