AZ

“Aİ Azərbaycanı Cənubi Qafqazda strateji tərəfdaş kimi qiymətləndirir” – Pərvanə Vəliyeva

"Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin ixracının 40 faizi bu birliyə üzv dövlətlərin payına düşür. Cənubi Qafqaz regionunda həyata keçirilən ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür. Hazırda Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-nin 10 üzv dövlətinə ixrac olunur. Yaşıl enerjinin ixracı istiqamətində də Azərbaycan ilə Aİ arasında anlaşma mövcuddur və hazırda bir neçə layihə üzərində iş aparılır. Həmin layihələr çərçivəsində Türkiyə və Gürcüstan üzərindən elektrik enerjisinin Avropa bazarlarına nəqli nəzərdə tutulur. Azərbaycan qazının Avropa bazarına ixracının artırılması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Avropa İttifaqı Azərbaycanla yalnız enerji sahəsində deyil, həmçinin nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional bağlantılar istiqamətində də əməkdaşlıqda maraqlıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə enerji əməkdaşlığından kənara çıxaraq nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsallaşma və regional bağlantılar kimi strateji istiqamətləri də əhatə etməyə başlayıb. Xüsusilə Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu baxımdan, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərməsi və yeni tərəfdaşlıq istiqamətləri üzrə danışıqların davam etməsi diqqət çəkir.

Deputat qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və mövcud infrastrukturu Avropa İttifaqı üçün regional bağlantı layihələrinin həyata keçirilməsi baxımından cəlbedici hesab olunur.

Seçilən
50
aznews.az

1Mənbələr