Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Kot-d'İvuarın (Fil Dişi Sahili) neft və təbii qaz sektorundakı əməliyyatlara nəzarət edən milli şirkəti olan “PETROCI Holding”in baş icraçı direktoru Fatoumata Sanoqo arasında keçirilən görüşdə “Baleine” neft-qaz yatağının işlənməsi layihəsinin icra vəziyyəti müzakirə olunub.
Söhbət zamanı şirkətlər arasında “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib. Tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, SOCAR 2026-cı il yanvarın 22-də İtaliyanın Eni S.p.A. şirkəti ilə Kot-d'İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payı əldə edib. Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi arasında bununla bağlı müvafiq saziş imzalanıb.
Mərasimdən sonra SOCAR açıqlama yayaraq bu sövdələşmənin şirkətin Afrikanın zəngin neft-qaz ehtiyatlarına çıxışını təmin etməklə qlobal genişlənmə strategiyasına uyğun olduğunu bildirmişdi. Məlumatda, həmçinin bu razılaşmanın SOCAR ilə “Eni S.p.A.” arasında energetika sektorunun müxtəlif istiqamətləri üzrə daha geniş strateji əməkdaşlığın tərkib hissəsi olduğu qeyd olunmuşdu. Bildirilmişdi ki, bu sazişin icrası və sövdələşmənin yekunlaşdırılması müvafiq tənzimləyici qurumların zəruri icazələrinin alınmasından, eləcə də digər standart şərt və tələblərin yerinə yetirilməsindən sonra mümkün olacaq.
Qeyd edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. “Baleine”, həm də Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. Dənizdə yerləşən bu nəhəng yataq 2021-ci ildə kəşf edilib. 2023-cü ildə isə burada neft-qaz hasilatına başlanılıb.
Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.
XQ