AZ

Beyləqan fermerlərinin qayğılı günləri

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar sahə iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, aqrar sektor üzrə qəbul edilən strateji sənədlər, fermerlərə göstərilən maliyyə dəstəyi və subsidiya mexanizmləri kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsasını qoyub.

Mil-Muğan iqtisadi rayonunun əsas kənd təsərrüfatı mərkəzlərindən olan Beyləqan da bu gün ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın yerli məhsullarla təmin olunması və aqrar ixrac potensialının artırılmasına mühüm töhfə verir. Rayonun əlverişli torpaq-iqlim şəraiti, geniş suvarılan əkin sahələri və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə edilməsi burada kənd təsərrüfatının bütün istiqamətləri üzrə inkişafı sürətləndirib.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov bildirdi ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Kənd təsərrüfatının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə dair dövlət proqramları kənd təsərrüfatının inkişafına güclü təkan verib.

Subsidiya sisteminin elektronlaşdırılması, Aqrar Subsidiya Şurasının fəaliyyətinin genişləndirilməsi, fermerlərin güzəştli kreditlərə çıxış imkanlarının artırılması və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə edilməsinin asanlaşdırılması istehsalçıların fəaliyyətinə müsbət təsir göstərib. Bu tendensiya Beyləqan rayonunda da aydın şəkildə nəzərə çarpır. Hazırda fermerlər əkin və məhsul subsidiyaları, güzəştli yanacaq dəstəyi, toxum təminatı və kredit mexanizmlərindən geniş istifadə edirlər.

Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan taxılçılıq rayonun əsas istehsal sahələrindən biridir. Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari ilin məhsulu üçün rayon üzrə 16 min 606 hektar sahədə taxıl əkilib. Bunun 10 min 442 hektarı və ya 63 faizi buğda, 6 min 164 hektarı və ya 37 faizi isə arpa əkinlərindən ibarətdir. Biçilmiş sahələrdən 17 min 132 ton məhsul əldə olunub. Orta məhsuldarlıq 33,7 sentner təşkil edib.

Statistik təhlillər göstərir ki, hazırda əldə edilən məhsuldarlıq göstəricisi ölkənin bir sıra rayonlarının orta göstəricilərinə yaxındır və fermerlərin müasir becərmə texnologiyalarından yararlandığını nümayiş etdirir. Bu il rayon üzrə ümumi taxıl istehsalının 55 min tondan artıq olacağı proqnozlaşdırılır.

Müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də torpaq ehtiyatlarından maksimum səmərəli istifadə edilməsidir. Beyləqanda taxıl biçinindən sonra sahələrin boş saxlanılmaması məqsədilə təkrar əkin kampaniyası həyata keçirilir. Xüsusilə qarğıdalı əkinlərinin genişləndirilməsi həm yem bazasının möhkəmləndirilməsi, həm də fermerlərin əlavə gəlir əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən təkrar əkinlərə görə verilən subsidiya isə fermerlərin bu prosesə marağını artırır. Mütəxəssislər hesab edirlər ki, təkrar əkinlərin genişləndirilməsi torpaqların iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldərək kənd təsərrüfatı istehsalının ümumi həcminin artmasına səbəb olur.

İkinci Aşıqlı kənd sakini Eldəniz Əhmədov 30 ildən artıqdır ki, təsərrüfatda çalışır. Bu gün dövlətimizin aqrar sahənin inkişafına göstərdiyi hərtərəfli qayğıdan razılığını bildirən təcrübəli fermer dedi ki, aqrar inkişaf mərkəzinin nümayəndələri təsərrüfatlarla daim əlaqə saxlayır, lazımi təlimatlar verirlər. Son illər Beyləqanda torpaqlardan səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olunduğunu bildirən fermerin sözlərinə görə, bu il əksər təsərrüfatlar taxılçılıqda hektarın məhsuldarlığını 47-50 sentnerə çatdırıblar.

E.Əhmədov onu da dedi ki, bütün bunlara baxmayaraq, özəl texniki servis müəssisələrinin göstərdiyi xidmət xeyli baha olduğundan fermerlər istədikləri qazancı əldə edə bilmirlər. Onun sözlərinə görə, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə əksər fermerlər topaqdan uzaqlaşacaq. Bunun baş verməməsi üçün isə hər işə görə uyğun qiymətlər müəyyən edilməlidir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Seçilən
123
1
xalqqazeti.az

2Mənbələr