10 ildə burada 76,3 milyon manatlıq məhsul istehsal olunub
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır.
İnvestisiya portfeli 175,64 milyon manat təşkil edən sənaye parkı 76,3 milyon manatlıq istehsal və 500-dən çox yeni iş yeri potensialına malikdir. Burada investorlar üçün yaradılmış əlverişli biznes mühiti ölkədə müasir əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın genişlənməsinə imkan verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, hazırda sənaye parkında 6 rezident fəaliyyət göstərir. Ötən müddətdə rezidentlər tərəfindən burada 76,3 milyon manatlıq məhsul istehsal edilib. Ümumilikdə isə, ötən müddətdə parkın ərazisində reallaşdırılan layihələrin icrasına 98,23 milyon manat vəsait yönəldilib. Həmin layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə, ümumilikdə, 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Pirallahı Sənaye Parkı ölkə Prezidentinin 2016-cı il 14 sentyabr tarixli sərəncamı ilə yaradılıb. Ötən müddətdə park üçün ayrılmış 30 hektar ərazi tam olaraq sahibkarların istifadəsinə verilib. Sənaye parkı qeyri-neft sənayesinin inkişafı, əczaçılıq sahəsinin genişləndirilməsi və əhalinin dərman vasitələrinə tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
XQ