Azərbaycanın turizm brendinin yenilənməsi ilə bağlı açıqlama ilk baxışdan marketinq addımı kimi görünsə də, əslində bu proses ölkənin iqtisadi strategiyası ilə birbaşa bağlıdır. Xüsusilə Dünya Bankının son hesabatında turizmin qeyri-neft iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri kimi göstərilməsi fonunda yeni brendin təqdimatı daha geniş iqtisadi məqsədlərə xidmət edir.
Aznews.az xəbər verir ki, Son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi, viza rejiminin sadələşdirilməsi, hava nəqliyyatının genişləndirilməsi və infrastruktur layihələri hesabına turizm bazarında mövqeyini gücləndirməyə çalışıb. Bunun nəticəsində ölkənin tanınma səviyyəsi bir sıra hədəf bazarlarda yüksəlsə də, Avropa kimi yüksək gəlirli bazarlarda bu göstərici hələ də aşağı olaraq qalır. Məsələn, Almaniyada Azərbaycanın turizm istiqaməti kimi tanınması cəmi 30 % səviyyəsindədir. Bu isə göstərir ki, növbəti mərhələdə əsas məsələ təkcə reklam deyil, ölkənin beynəlxalq auditoriyaya fərqli və rəqabətqabiliyyətli imiclə təqdim edilməsidir.
Müasir turizm bazarında ölkələr artıq yalnız tarixi abidələr və təbiət mənzərələri ilə rəqabət aparmırlar. Onlar həyat tərzi, mədəniyyət, qastronomiya, təhlükəsizlik, rəqəmsal xidmətlər və davamlı inkişaf kimi amilləri vahid brend altında təqdim edirlər. İspaniya, Portuqaliya, Gürcüstan və Səudiyyə Ərəbistanının son illərdə həyata keçirdiyi rebrendinq kampaniyaları turist axınının artmasına, investisiya cəlbinə və ölkələrin beynəlxalq imicinin möhkəmlənməsinə ciddi təsir göstərib.
Azərbaycan üçün də yeni turizm brendinin iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Turizm yalnız hotellər və restoranlar üçün gəlir mənbəyi deyil. Bu sahənin inkişafı nəqliyyat, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, sənətkarlıq və kiçik sahibkarlıq üçün də yeni imkanlar yaradır. Xüsusilə regionlarda turizm axınının artması məşğulluğun yüksəlməsinə və iqtisadi fəallığın paytaxtdan kənara yayılmasına kömək edə bilər.
Bununla yanaşı, təkcə brendin dəyişdirilməsi uğur üçün kifayət deyil. Yeni vizual kimlik və marketinq kampaniyası real xidmət keyfiyyəti ilə dəstəklənməlidir. Turist üçün əsas meyar hava əlaqələrinin əlçatanlığı, nəqliyyat infrastrukturu, rəqəmsal xidmətlər, peşəkar xidmət mədəniyyəti və qiymət-keyfiyyət balansıdır. Əgər bu komponentlər paralel inkişaf etməzsə, ən uğurlu reklam kampaniyası belə uzunmüddətli nəticə verməyəcək.
Hazırda Azərbaycanın turizm siyasəti də məhz bu istiqamətdə transformasiya mərhələsinə daxil olur. Dünya Bankı da son hesabatında ölkəyə tövsiyə edib ki, turizm inkişafı Bakı mərkəzli modeldən regionlara əsaslanan, daha şaxələndirilmiş yanaşmaya keçirilsin. Bu isə Qarabağ və Şərqi Zəngəzurdan tutmuş Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Naxçıvan kimi bölgələrin potensialından daha səmərəli istifadə edilməsini tələb edir.