ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir görüşün Moskvada keçirilməsi ehtimalı azdır.
Maraqlıdır, tərəflər arasında görüş ehtimalı nə qədər realdır? Əgər görüş qərarı verilərsə, məkan hara ola bilər?
Politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin Rusiyanın öz ərazisində yaratdığı vəziyyət hər nə qədər Rusiyanı sülhə məcbur etmə cəhdi kimi qiymətləndirilsə də, hazırkı mərhələdə nə Rusiya, nə də Ukrayna sülhdə maraqlı görünür:

"Tərəflərin hər biri sülhü əlində rəhbər tutub müharibə etmək istəyir. Çünki hər birinin öz planları var. Ukrayna torpaqlarını işğaldan azad etmək istəyir, Rusiya isə əksinə işğal etmək. Buna beynəlxalq maraqlı güclərin də planlarını əlavə etsək, bu müharibədə hələlik sülh gözlənilmir. Moskvada hansısa görüşdən danışmaq absurd olar. Tərəflər yenə də sülh danışıqlarını imitasiya edə bilər, hansısa sənədlər üzərində müzakirələr apara bilərlər. Amma bunun heç bir nəticəsinin olmayacağı əvvəlcədən bəllidir. Əslində görüş üçün məkanın heç bir əhəmiyyəti yoxdur. Bu, Türkiyə də ola bilər, Trampın iştirakı ilə telefon diplomatiyası da. Hesab edirəm ki, bu müharibə daha dağıdıcı fazasına daxil olub və getdikcə daha da sərtləşəcək".
Aytəkin TOFİQQIZI