AZ

"Ukrayna Azərbaycan üçün mühüm tərəfdaşdır" – Deputat nazirin Ukraynaya səfərini dəyərləndirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri baxımından diqqətlə izlənilir. Bəs mövcud beynəlxalq şəraitdə bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı baxımından hansı əhəmiyyət daşıyır?  Tərəflər arasında əməkdaşlığın hansı istiqamətlər üzrə daha da inkişafı mümkündür?
 
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlama verib. 
Millət vəkili qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətləri hər zaman yüksək səviyyədə olub:
 
"Xatırlayırsınızsa, hələ torpaqlarımız işğal altında olduğu dövrdə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı məsələlərində daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirdi. Təbii ki, bizi Ukrayna, Gürcüstan və postsovet məkanındakı digər münaqişəli bölgələrlə birləşdirən əsas amil torpaqlarımızın işğal altında olması idi.
 
Biz beynəlxalq təşkilatlarda birgə çıxış edir, bir-birimizi dəstəkləyirdik ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunsun, işğala son qoyulsun. Bu gün də Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti iki ölkə arasında yüksək səviyyəli əlaqələrin qorunub saxlanmasına xidmət edir. Məlumdur ki, Azərbaycan Xəzər dənizi hövzəsində, Qafqaz regionunda və bütövlükdə Avrasiya məkanında güclü, söz sahibi olan dövlətdir. 
 
Ukrayna isə Rusiya-Ukrayna münaqişəsinə baxmayaraq, hazırda Qara dəniz hövzəsində və Şərqi Avropada mühüm geosiyasi aktora çevrilib. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun dəstəyi ilə Ukraynanın hərbi potensialının güclənməsi bu ölkənin yeni geosiyasi mərkəzlərdən birinə çevrilməsi prosesini sürətləndirir".
 
Tural Gəncəliyev vurğulayıb ki, təəssüf ki, Rusiya-Ukrayna müharibəsi eskalasiya istiqamətində davam edir:
 
"Hesab edirəm ki, müharibə başa çatdıqdan sonra həm Ukraynanın qonşu və regional ölkələrlə, həm də Azərbaycanla münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranacaq. Azərbaycanın həyata keçirdiyi konstruktiv və praqmatik siyasət ölkəmizə imkan verir ki, istər Rusiya-Ukrayna münaqişəsi, istərsə də dünyadakı digər münaqişələr kontekstində neytral mövqeyini qorusun və bunu gələcəkdə də davam etdirsin.
 
Bu baxımdan Azərbaycan münaqişə tərəflərinin hər biri üçün etibarlı tərəfdaş olaraq qalır. Çünki biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edirik. Azərbaycan-Ukrayna münasibətlərinə konkret nəzər saldıqda siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu görürük. Hələ Sovet İttifaqı dövründən Azərbaycan və Ukrayna arasında qardaşlıq münasibətləri mövcud olub.
 
Qarşılıqlı səfərlər və iki ölkənin rəsmi nümayəndələri arasında keçirilən görüşlər də bu münasibətlərə əlavə dəyər qazandırır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna münaqişəsi regionda əməkdaşlıq potensialını müəyyən qədər məhdudlaşdırsa da, Azərbaycanın praqmatik xarici siyasəti nəticəsində ölkəmiz münaqişə şəraitində olan dövlətlərlə də hərtərəfli münasibətlərini inkişaf etdirməyə davam edir. Bu baxımdan Ukrayna Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olaraq qalır".
 
Pərvin Şakirqızı
Seçilən
27
50
moderator.az

10Mənbələr