Demokrat.az xəbər verir ki, "Hepsi" qrupunun yadda qalan üzvlərindən biri olan Yasemin Yürük yaxın zamanda bədbəxt qəza ilə gündəmə gəlmişdi. O, Etilərdə gəzinti zamanı tarazlığını itirərək yerə yıxılmışdı. Məşhur ifaçı təcili xəstəxanaya aparılmış, ayağının iki yerdən sındığı məlum olmuşdu. Yürükə çoxsaylı keçmiş olsun mesajları göndərilmişdi.
Etilərdə gəzərkən yıxılan və xəstəxanaya yerləşdirilən Yasemin Yürük müalicə prosesində yaşadığı çətinlikləri sosial media hesabında izləyiciləri ilə bölüşmüşdü. Bir həftə müşahidə altında saxlanılan müğənni vəziyyətinin düşündüyündən daha ciddi olduğunu bildirmişdi.
Məşhur müğənni adi sınıqla qarşılaşmadığını qeyd edərək belə demişdi:
"Salam hər kəsə. Bir müddətdir xəstəxanadayam, artıq tam bir həftədir. İnşallah sabah evə çıxacağıq. Bu gün səkkizinci günümüzdür. Çox çətin bir neçə gün keçirdim. Ağrım çoxdur, təsvir etmək mümkün deyil. Bu, adi sınıq deyil, bunu əvvəlcədən deyə bilərəm. Mənim sınığım ön baldır sümüyümdədir. Oraya platin yerləşdirildi".
Xəstəxanada uzun müddət qaldığı dövrdə yanında olan insanları müşahidə etdiyini bildirən Yürük dostluqla bağlı fikirlərini də bölüşüb:
"Bir dostunuz və ya yaxınınız bu qədər uzun müddət xəstəxanada qalırsa, bilin ki, vəziyyət ciddidir. Sadəcə 'zəng etdim, cavab vermədi' kimi yanaşmaq olmaz, onu ziyarət etməyinizi məsləhət görürəm. Bu vəziyyətdə hər kəsi tanıdım və açığı, bundan çox razı qaldım. Amma çox şanslıyam ki, ürəyi təmiz dostlarım var imiş".
Müğənni evə keçidə hazırlaşdığı üçün artıq serum qəbul etmədiyini və buna görə ağrılarının artdığını bildirib. O, izləyicilərini narahat edən bu detalı da paylaşmışdı.
Yürük daha əvvəl etdiyi paylaşımda isə "Özümə yeni gələ bildim. Şükür, yaxşıyam. Allah daha pisindən qorusun", — sözlərini yazmışdı.
Baldır sümüyünə platin yerləşdirilən və təxminən 10 gün xəstəxanada müalicə alan Yasemin Yürük evə buraxıldıqdan sonra yüksək əhvalını qorumağa çalışır.
Dörd ay əvvəl yaşadığı bədbəxt hadisədən sonra müalicəsini davam etdirən məşhur müğənni evində etdiyi məşqlərlə sağalma prosesinə dəstək olur.
Məşq etdiyi anları sosial media hesabında paylaşan Yürük əzmi və pozitiv enerjisi ilə izləyicilərinin böyük rəğbətini qazanıb.
Jalə
Demokrat.az