AZ

Turizm eksperti səyahət üçün ən ucuz ayları açıqladı

Yay mövsümünün başa çatması ilə bir çox insan məzuniyyət planlarını sentyabr və oktyabr aylarına saxlayır. Bu vaxt həm hava şəraiti daha mülayim olur, həm də turizm fəallığının azalması səbəbindən aviabiletlərin, otellərin və tur paketlərinin qiymətlərində eniş müşahidə edilir.

Payızın ilk aylarında həm büdcəyə uyğun, həm də rahat dincəlmək üçün hansı ölkələr daha sərfəli hesab olunur?

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında bildirib ki, insanların ən çox səyahət və məzuniyyət etdiyi fəsil yaydır:



“Bunun əsas səbəbi məktəblərin və universitetlərin tətildə olması, eyni zamanda bir çox ailələrin məzuniyyətlərini məhz bu mövsümdə planlaşdırmasıdır. Lakin elə insanlar da var ki, sərbəst iş qrafikinə malik olduqları və ya yaş xüsusiyyətlərinə görə səfərlərini payız aylarına saxlayırlar. Onlar əsasən sentyabr və oktyabr aylarında istirahət etməyə üstünlük verirlər. Çünki bu zaman turizm məkanlarında insan sıxlığı azalır, aviabiletlərin və tur paketlərinin qiymətlərində müəyyən ucuzlaşma müşahidə olunur. Bundan əlavə, getdikləri məkanda daha rahat dincələ, daha uzun müddət qala və məzuniyyətlərini daha komfortlu şəkildə planlaşdıra bilirlər”.

Ekspert əlavə edib ki, bəzi insanlar büdcələrinə qənaət etmək və daha rahat vaxt keçirmək üçün yayın pik mövsümünü deyil, məhz ondan əvvəl və ya sonrakı mərhələni seçirlər:

“Məsələn, dərslərin başladığı sentyabr və oktyabr aylarında səyahət etməyi daha məqsədəuyğun hesab edirlər. Elə buna görə də pik mövsüm başa çatdıqdan sonra bir çox məşhur turizm istiqamətlərində qiymətlər nisbətən aşağı düşür. Bu tendensiyanı Türkiyə, Misir kimi dəniz turizmi ölkələrində, eləcə də Avropanın bir sıra kurortlarında, Rusiyada və digər qonşu dövlətlərdə də müşahidə etmək mümkündür. Həm müalicə, həm də istirahət məqsədilə yola çıxanların müəyyən hissəsi məhz həmin aylara üstünlük verir. Onu da qeyd edim ki, sentyabr-oktyabr aylarında səyahət edənlərin bir qismi hələ də dəniz, günəş və çimərlik mövsümündən yararlanmaq üçün bu tarixləri seçsə də, əksəriyyət daha çox müalicəvi və rekreativ məqsədlərlə səfər etməyə üstünlük verir”.

Fidan Hacızadə
Seçilən
46
1
demokrat.az

2Mənbələr