AZ

"​​Ahbap" qalmaqalında Sibel Can və Tarkanın da adı hallanır

Türkiyədə "Ahbap Dərnəyi" ilə bağlı aparılan araşdırmada yeni detallar ortaya çıxıb. Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatında dərnəyə ianə edən 36 məşhur şəxsin hesab hərəkətlərinin yer aldığı bildirilib.

Demokrat.az
xəbər verir ki, sözügedən şəxslər zəlzələ qurbanlarına dəstək məqsədilə "Ahbap"a ümumilikdə 12 milyon 480 min lirə ianə ediblər. Araşdırmanın əsas məqsədinin ianə edən şəxsləri deyil, toplanan vəsaitlərin dərnəyə daxil olduqdan sonra hansı hesablara köçürüldüyünü və təyinatına uyğun istifadə olunub-olunmadığını müəyyənləşdirmək olduğu qeyd edilir.

İstintaqda ianə edən məşhurların şübhəli deyil, "zərərçəkmiş" və ya "cinayətdən zərər görən şəxs" statusunda qiymətləndirildiyi bildirilir.

Məlumata görə, böyük məbləğdə ianə edən şəxslər arasında Ajda Pekkan, Barış Arduç, Ebru Şahin, Tarkan və Sibel Can da var. Onların hər birinin 1 milyon lirə ianə etdiyi, aktyor Tolqa Çevikin isə 997 min 650 lirə yardım etdiyi bildirilib.

Digər məşhurların ianələri isə belə açıqlanıb:

* Ali Atay – 562 min lirə
* Somer Sivrioğlu – 500 min lirə
* Ebru Gündeş – 500 min lirə
* Kıvanç Tatlıtuğ – 200 min lirə
* Can Yaman – 250 min lirə
* Melis Sezen – 150 min lirə

Bundan başqa, adları açıqlanmayan bir çox şəxsin də 100-200 min lirə arasında ianə etdiyi bildirilib.

Araşdırmanın 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərdən sonra toplanan yardım vəsaitləri ilə bağlı olduğu qeyd edilir. Prokurorluq bank çıxarışlarını, ianə qəbzlərini, mühasibat sənədlərini və xərcləmə məlumatlarını araşdırır.

"Ahbap Dərnəyi"nin rəhbəri Haluk Levent daha əvvəl etdiyi açıqlamalarda ianə pullarına toxunmadığını, yalnız öz şəxsi vəsaitlərini xərclədiyini bildirib.

Hazırda istintaq davam edir. Bildirilir ki, araşdırmanın mərkəzində məşhurların etdiyi ianələr deyil, zəlzələ sonrası toplanan milyonlarla lirəlik yardım vəsaitlərinin sonrakı hərəkəti və istifadəsi dayanır.

Jalə
Demokrat.az
Seçilən
23
2
demokrat.az

3Mənbələr