Siyasət 11:20 12.08.2022

"Azərbaycan öz gündəliyini İrana görə uyğunlaşdırmamalıdır" - Partiya sədri

İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib. Mətbuatın yazdığına görə, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqleryan deyib. 

Azərbaycanın 44 günlük müharibədə qələbəsi nəticəsində Şuşada Türkiyə konsuluğunun yaradılması məsələsi gündəmə gəlmişdi. Bəzi siyasi dairələr Qarabağın bir sıra digər şəhərlərində də aparıcı ölkələrin konsulluqlarının fəaliyyət göstərməsi təklifi ilə çıxış etmişdi. Lakin hələlik bu məsələ öz həllini tam olaraq  tapmayıb. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Azərbaycan öz gündəliyini İrana görə uyğunlaşdırmamalıdır:



"Qoy onlar bizi izləsin. Daha çox özümüzün ortaya qoyduğumuz yol xəritəsini həyata keçirməliyik. Onsuz da Şuşada Türkiyə konsulluğunun açılması məsələsi müzakirə mövzusudur. Bu məsələ zatən razılaşdırılıb. Digər tərəfdən, daha effektli addımlarla bədxahlarımıza cavab verməliyik. Azərbaycanla Türkiyə arasında ortaq ordunun yaradılması, ölkəmzin müxtəlif yerlərində Türkiyə hərbi bazalarının yerləşdirilməsi məsələsi gündəmə gələ bilər”. 

Partiya sədri qeyd edir ki, İranın Qafanda konsulluq açması Zənəgzur dəhlizi məsələsindən narahatlıq keçirməsilə bağlıdır:

"İran Zəngzur dəhlizi məsələsindən narahatdır. Bu dəhlizin işə düşməsini istəmirlər. Rusiya son günlər bu ərazidə postlar qoyub. Tehranın Qafanda konsulluq açması məsələsi də daha çox ona hesablanıb. Amma İranın necə davranmasından asılı olmayaraq, Azərbaycan öz işini görür. Bu mənada, İranın atdığı hər addıma eyni qaydada cavab verməyə ehtiyac yoxdur. Şahmat terminilə desək, bu gün Azərbaycan tərəfi "ağlar"la oynayır. Artıq Laçın koridoru məsələsi sahmana salınır. Erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı ərazilərdə tədricən suverenliyimiz tam bərpa edilir. Rus sülhməramlılarını yola salmağa hazırlaşırıq”. 

Rüfət Sultan