Ölkə 13:04 30.09.2022

Azərbaycan Prezidentinin Bolqarıstana səfəri - Strateji əlaqələrimiz rəqəmlərdə

"Bolqarıstan son illər strateji əlaqələrimizin daha da gücləndiyi Avropa ölkələrindəndir. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 72 milyon 693 min dollar olub. Bu ilin ilk 7 ayında isə ticarət dövriyyəmiz 80 milyon 694 min dollaradək yüksəlib. Rəqəmlər göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsində kəskin artımlar var. Amma təbii ki, potensial daha böyükdür”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan ilə Bolqarıstan arasındakı əməkdaşllqda vacib istiqamətlərdən biri də enerji əməkdaşlığıdır:

"Son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfindən Avropaya 2022-ci ildə 11 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yunanıstan, daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı Bolqarıstana nəql edilir. Bu il yarım milyard, gələcəkdə il ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir”.

Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Bolqarıstana səfəri iki ölkə arasındakı strateji münasibətlərin yeni mərhələyə daxil olmasına imkan verəcək.
 
Bahar