Dünya 14:27 04.10.2022

İlon Maskın fikirləri beynəlxalq qalmaqala səbəb oldu (ŞƏRH)

"Tesla” şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün "Twitter” səhifəsində Rusiya ilə Ukrayna arasında münaqişənin həll yolunu göstərib. Mask ilk addım olaraq BMT-nin nəzarəti altında Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə yenidən referendumların keçirilməsini təklif edib.
 
Onun fikrincə, Ukrayna neytral qalmalıdır: "Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildə (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır”.

Qeyd edək ki, Maskın paylaşımından sonra "Tesla”nın səhmləri kəskin şəkildə ucuzlaşıb. Milyarder bununla da sakitləşməyərək bu dəfə sosial şəbəkə istifadəçilərindən Donetsk və Luqansk vilayətlərində, eləcə də Krımda yaşayan insanların iradəsinin nəzərə alınmalı olub-olmadığını soruşmaq qərarına gəlib. Eyni zamanda o yazıb ki, Krım bölgəsində hərbi əməliyyatlar başlayarsa, Rusiyanın "tam səfərbərliyə” start verə biləcəyi üçün Ukraynanın müharibədə qələbəsi "çox çətin”dir. 

Ona cavab olaraq Ukrayna Prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya etdiyi cinayətlərə görə cavab verməlidir: "İlon Maks, daha yaxşı sülh planı mövcuddur - Ukrayna öz ərazilərini, o cümlədən ilhaq edilmiş Krımı azad edir, Rusiya artıq başqalarını təhdid edə bilməməsi üçün demilitarizasiya və məcburi denuklearizasiyaya məruz qalır, hərbi cinayətkarlar beynəlxalq tribunal qarşısına çıxarılır. Silahlı təqiblər, kütləvi edamlar və işgəncələr şəraitində keçirilən psevdoreferendumları legitimləşdirməyə çalışırsınız? Yanlış yoldur”. 

Ukrayna prezidenti Volodimir Zelenski isə İlon Maskın təşəbbüsünə cavab olaraq "Twitter”də öz sorğusunu yaratmaq qərarına gəlib. O, istifadəçilərdən Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyən İlon Maskı daha çox bəyəndiklərini soruşub. 

Litva prezidenti Gitanas Nauseda Maskın "sülh düsturu”na reaksiya verib: "Hörmətli İlon Mask, kimsə sizin "Tesla” təkərlərinizi oğurlamağa çalışdıqda, bu, onu avtomobilin və ya təkərlərin qanuni sahibi etməz. Baxmayaraq ki, oğru onların birlikdə buna səs verdiyini iddia edir". 

Bir çox ekspertlər Maskın profilinin "sındırıldığı” ehtimalını irəli sürür. Çünki onlara görə, milyarderin "tvit"ləri onun ümumi ünsiyyət tərzinə uyğun gəlmir və onun Ukrayna müharibəsi ilə bağlı daha əvvəl açıq elan etdiyi mövqeyi ilə köklü şəkildə ziddiyyət təşkil edir. 

Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Maskın sözlərinə fikir verməməyi tövsiyyə etdi:


 
"Maskın pulu çoxdur. Dünyanın ən varlı insanıdır. Lakin onun nə ağlı, nə siyasi təcrübəsinin bu prosesə heç bir aydiyyatı yoxdur. Qərarları İlon Mask vermir ki... Rusiyanın hansısa məşhur pop ulduzu da deyə bilər ki, məsələn Donbas Rusiyanındır. Onun deməsilə heç nə dəyişmir. O,  həmçinin Maskın özü də heç kəsdir. Qərarı qəbul edənlər Amerika, İngiltərə, Fransa, Almaniya, Ukrayna, Türkiyə və Rusiya hökumətləridir. Odur ki, Maskın dediklərinə fikir vermək lazım deyil. Zelenski, Podolyak onun cavabını onsuz da verib. Odur ki, İlon Maskın fikirlərindən istifadə edərək, dünya güclərinin ictimai rəy yaratmaq üçün istifadə edilməsi fikrilə razı deyiləm. Belə olsaydı, onun açıqlamasından dərhal sonra sahib olduğu "Tesla” şirkərinin səhmlərin qiyməti kəskin aşağı düşməzdi”.
 
Rüfət Sultan