Dünya 17:12 06.07.2022

Novorossiysk neft terminalı bağlanır

Qazaxıstan neftinin ixracı üçün əsas olan Novorossiysk neft terminalı müvəqqəti olaraq bağlanır.
 
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya məhkəməsi qərar verib.
 
Qərar Qazaxstan Prezidenti Qasım-Jomart Tokayevin Avropa Şurası sədri Şarl Mişele ölkəsinin Avropa Birliyinə daha çox neft göndərməyə hazır olduğunu deməsindən cəmi iki gün sonra verilib. Mətbuatda yayılan məlumatlara görə, Rusiya məhkəməsi Xəzər Boru Kəməri Konsorsiumunun Novorossiyskdəki neft terminalını "ekoloji narahatlıqlar” səbəbilə 30 gün müddətində müvəqqəti olaraq bağlayıb.

"Kasım-Jomart Tokayev həmçinin qlobal enerji təhlükəsizliyi üçün yaranan risklərdən narahatlığını ifadə edib və Qazaxıstanın "dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün karbohidrogen potensialından istifadə etməyə” hazır olduğunu vurğulayıb”,- Tokayevin ofisinin press-relizində deyilir.
 
Qazaxıstan hər il Rusiya vasitəsilə Avropaya 67 milyon ton neft tədarük edir. Novorossiysk terminalının bağlanması tez-tez baş verir. Bundan əvvəl liman  iyun ayında sularında İkinci Dünya Müharibəsi dövrünə aid 50 partlayıcı maddənin aşkarlanması səbəbilə bağlanmışdı. O, həmçinin mart ayında fırtına zamanı dəyən ziyana görə bağlanıb. Üç həftəlik bağlanma zamanı dünya bazarı təxminən bir milyon barel neft itirdi.

Nurlan Hüseynov