Hüseynbala Səlimov
Dünya 10:18 15.08.2022

Putin Pyotrun açdığı pəncərəni necə çırpdı?..

Bəli, üzüyünün qaşında "Mən şagirdəm, müəllim axtarıram” sözləri yazılsa da, Birinci Pyotr çar idi və buna görə onu başa düşmək, bu və ya digər hərəkətlərinə və qərarlarına anlayışla yanaşmaq mümkün idi. 

Pyotr Avropaya pəncərini hərblə açdı. Amma bununla belə Rusiyanın avropalaşması səmtində çox işlər gördü. Belə bir analoji halı biz Türkiyə tarixində görmüşük. Avropa ölkələri Türkiyəni hətta bir respublika, Avropa ölkəsi kimi də görmək istəmirdilər, onu işğal edərək öz aralarında bölüşməyi planlaşdırırdılar. Atatürk böyük avropaçı-qərbçi idi, amma məhz o, Avropa ölkələrinin bu məkrli planlarına son qoydu, onları məğlub edib Türkiyəni respublika elan etdi və ciddi qərbyönümlü islahatlar qurmağa başladı. Atatürk öz siyasətində səmimi idi, amma təəssüf ki, Avropa ölkələri səmimi olmadı və bu gün də səmimi deyillər.

Xristian Rusiyasının Avropa ilə ilişgili siyasətində oxşar və fərqli cəhətlər var. Türkiyədən və Atatürkdən xeyli əvvəl Birinci Pyotr da avropalaşma prosesini, səhv etmiriksə, isveçlilərlə savaşdan, Poltava döyüşündən başladı və Rusiyanı Avropa üslubunda islah etməyə, hətta rusların məişətini avropalaşdırmağa, onların saqqalını belə qırxmağa başladı.

Qərəz, ruslar müəyyən müqavimətlə olsa da, Pyotrun siyasətini qəbul etdilər və A.Puşkinin ardınca fəxrlə "Pyotr Avropaya pəncərə açdı” dedilər. Amma bunlar asan başa gəlmədi. Ruslar hətta kartof üsyanları etdilər, çünki kartofu necə yeməyi bilmirdilər. Avropalılar rusları elə də müqavimətlə qarşılamadılar. Amma ruslar özlərini Birinci Pyotrun vəsiyyətlərinə əməl etmiş kimi göstərsələr də, əslində, belə deyildi – rus imperiyası Avropaya sığmırdı, özü üçün məxsusi geosiyasi məkan və bu məkana uyğun geosiyasi missiya axtarmağa davam etdi. Düz yüz illərdir ki, bu ölkədə qərbçilərlə slavyanofillərin mübarizəsi gedir. Daha sonra sovet imperiyasını ərsəyə gətirdi ruslar və avropalılar ilk dəfə ciddi olaraq Rusiyanı Avropaya buraxmamağın yollarını düşünməyə başladılar, çünki Moskva sivil Avropa dövləti olmağın yollarını axtarmadı, bütün dünyaya kommunizmi yaymağın yollarını aramaqla məşğul oldu. Fəqət ruslar xoşbəxtlikdən bunu bacarmadılar və 70 il keçəndən sonra guya tövbə edib normal dövlətçilik yolunu tutduqlarını bəyan etdilər. Amma çox təəssüf, bu, sözdə belə oldu, əməldə isə onlar Avropa dövləti olmaq perspektivini rədd etdilər və yenidən fövqəldövlət olmaq eşqinə düşdülər.

Bu proses bu gün də davam edir. Bir tərəfdən Rusiya Birinci Pyotrun yubileyini qeyd edir və onun islahatlarından danışırlar. O biri tərəfdən də Moskva Kiyevə qarşı müharibə aparır və cəmi Avropa buna görə Rusiyaya qarşı çox kəskin sanksiyalar qəbul edir, Kiyevə silahlı yardım edir ki, o, Moskvanın qarşısında duruş gətirə bilsin. 

Bəli, altı aydır ki, Ukrayna ilə müharibə davam edir. Bu, həm də Avropaya və Qərb dünyasına qarşı müharibədir və onu bir imperator kimi Birinci Pyotra böyük rəğbət bəsləyən cənab Vladimir Putin aparır. Necə bitəcək müharibə? Doğrusu, bilmirik, çünki hərbi ekspertlər çox şey deyir. Ukraynanın ABŞ-dakı səfirisə bildirir ki, Moskvanın daha bir müttəfiqi var bu savaşda və o da qarşıdan gələn qışdır...
 
Hüseynbala Səlimov