Ölkə 11:55 29.11.2022

“Səndə alınmaz” dedilər, amma uğur qazandılar

Kimisi dedi ki, bu qız sənəti deyil, kimisi işə götürəndə oğlanlara üstünlük verdi, kimisi hətta istehza etdi. Ancaq onlar informasiya texnologiyaları (İT) sektorunda özlərini peşəkar mütəxəssis kimi təsdiq etdilər. Yüksək bacarıq, inam, əzmkarlıq sayəsində öz istəklərinin ardınca gedə və uğur qazana bildilər. Həm də bütün stereotipləri alt-üst edərək İT sahəsində qadınların uğur qazana bildiyini göstərdilər. Onların uğur hekayəsini öz dillərindən eşidib oxuyaq. 

Riyaziyyatdan İT-yə keçid



"Matrix Trenning Center” şirkətinin, eləcə də "Girls Code Azerbaijan” platformasının təsisçisi Nigar Hacıbabayeva İT sahəsinə necə qədəm qoymasından danışır: 

"Orta məktəbdə oxuyarkən hər zaman dəqiq elmlərə, riyaziyyata böyük həvəsim olub. Çox sevmişəm və yaxşı qiymətlər almağa çalışmışam. Ali təhsil üçün sənəd verəndə də Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçdim. Bu məsələdə müəllimlərin məsləhətləri də mənə təkan oldu. İxtisasım kompüter elmləri idi. Artıq I kursdan etibarən proqramlaşdırma ilə tanış olmağa başladım. Kaş ki, daha əvvəl bununla tanış olmaq şansım olaydı. Doğrudur, orta məktəbdə informatika fənni tədris olunurdu, amma onun mahiyyəti bizə tam izah olunmamışdı, anlamamışdım. Universitetlərdə daha çox köhnə təhsil metodikasından istifadə olunduğu üçün bizə köhnə üsullar daha çox öyrədilirdi. Artıq III kursdan özüm bu sahəni fərdi qaydada öyrənməyə başladım, özümü inkişaf etdirməyi hədəfləmişdim”. 

N.Hacıbabayeva artıq IV kursda oxuyarkən ilk dəfə özəl şirkətlərin birində proqramçı kimi təcrübə proqramına başlayır. Orada bir müddət işlədikdən sonra rəsmi olaraq işə qəbul olunur. Bir müddət sonra isə bank sektoruna keçid edir: 

"Özəl bankların birində C# proqramçı kimi işləməyə başladım. Bundan sonra mənim verilənlər bazası, SQL kimi sahələrə marağım artdı və onları inkişaf etdirməyə başladım. Beləliklə, beynəlxalq OCA sertifikatını aldım. Bütün bunlar mənim data-ya (red. verilənlər) marağımı daha da artırdı. Ona görə də əvvəl çalışdığım  C# proqramlaşdırma sahəsindən SQL proqramlaşdırma sahəsinə keçdim. 2018-ci ildə biznesimi qurmağa nail oldum. Onlardan biri "Girls Code Azerbaijan” platformasıdır. Bu, qadınlarn İT sektorunda inkişafı, onlara motivasiya verəcək və texniki biliklər verə biləcək, inkişaf etdirəcək treninqlərin, layihələrin, təqaüd proqramlarının təşkil edilməsi məqsədilə yaradılan sosial platformadır. Komandamızda olan qızların hər biri İT sahəsində çalışanlardır. Onların özü də müəyyən çətinliklərdən keçdikləri üçün digərlərinə dəstək olmağa çalışırlar.” 

Bəs stereotiplər? 

Peşəkar proqramçı N.Hacıbabayeva bu mövzuya da toxunub. Artıq stereotipləri qırmağa nail olduqlarını vurğulayıb: 

"Ümumiyyətlə, bütün dünyada İT-də olan qadınların qarşılaşdığı əsas problem inam məsələsidir. Yəni, ailə, ətrafdakı insanlar inanmır ki, sən bunu bacararsan, sən İT üzrə təhsil ala, iş tapa bilərsən. Bu sahə sırf kişi sənəti kimi görünür. Qadınların kompüter arxasında kod yazması, proqramçı olması çətin qəbul olunur. Stereotiplərə əsasən, qadınlar bu sahədə ola bilməz. Halbuki, Azərbaycanda kifayət qədər qadın bu sahədə çox rahatlıqla karyera qura bilib. Bəzi aparıcı şirkətlərin komandasında yüzlərlə xanım proqramçı kimi çalışır. Amma kiçik şirkətlərdə bu stereotiplər daha çox özünü göstərir. Onlar qadınlara inanmırlar. Seçim zamanı kişilərə üstünlük verirlər. Bu stereotiplərə söykənən valideynlər də qızlarını bu sahədə ixtisaslaşmağa, işləməyə qoymurlar. "Oğlan kollektivinin içində işləyəcəksən” və s. kimi fikirlər səsləndirib qızları demotivasiya edirlər. Ancaq İT sahəsində xeyli sayda kifayət qədər bilikli və bacarıqlı xanım var. Önəmli olan kod yazmaqla hər hansı problemi çözməkdir. Burada cins fərqi yoxdur. Mən də bu sahəyə başlayanda ətrafımdakı insanlar birmənalı yanaşmırdılar, "alınmaz”, "bu sənin nəyinə lazımdır” kimi fikirlər səsləndirirdilər. Müəllimlərimiz də bizi ancaq riyaziyyat müəllimi kimi görürdülər. Bu yanaşmalar maaş bölgüsünə də təsir edir. İT sahəsində çalışan kişilərin mövqeləri və maaşları  daha sürətlə artır. Ancaq qadınlara münasibətdə bu sürət aşağıdır. Bu, dünyada mövcud olan statistikadır. Qadınlar maaşla bağlı istəklərini bildirməyə utanırlar. Buna görə də zəif irəliləyirlər”.

Bütün bunları görən Nigar xanım "Girls Code Azerbaijan” platformasını qurur.  İndiyədək minlərlə qız platformanın həyata keçirdiyi tədbirlərdən yararlanıb, karyerasını inkişaf etdirəcək nüansları öyrənib. Eyni zamanda, "Matrix Trenning Center” şirkətini təsis edib. Burada o, proqramlaşdırma və dizayn istiqamətində müxtəlif kurslar, təlimlər verir. Bu işdə həyat yoldaşı da ona çox dəstək olub. 5 ildir ki, 11 yaşdan 55 yaşa qədər tələbələri olub. Onların arasında kifayət qədər uğurlu karyera quran xanımlar da olub: 

"Məqsədimiz uğurlu məzunların sayını daha da artırmaqdır. Xanımlara məsləhətim odur ki, ilk olaraq heç kim onlara inanmasa da özləri özlərinə inansınlar və hədəf qoysunlar. Çox və düzgün çalışsınlar. Onları ruhdan salan insanlar da olacaq. Özlərinə inam olduqdan sonra valideynlər sonunda dəstəkləyəcəklər”.
 
Yatsam, yuxuma gəlməzdi...  



Digər qəhrəmanımız Gülbahar Cəfərova 2013-cü ildə Dövlət İqtisad Universitetinin istehlak mallarının ekspertizası və marketinqi ixtisasına qəbul olunub. 2017-ci ildə isə magistratura pilləsinə keçid edib. Lakin bu sahədə özünü tapa bilməyib və yeni ixtisas öyrənməyə qərar verib: 

"Son kurslarda oxuyanda iş tapmaq barədə düşündüm, ixtisasım üzrə bəzi təcrübə proqramlarına qoşuldum. Ancaq zamanla bu sahənin mənə aid olmadığını görür, özümü burada tapa bilmirdim. Bu işlər mənim xarakterimlə uyğunlaşmırdı. Mən artıq 2019-cu ildə təhsilimi bitirdim və işsiz idim. Dövlət qulluğu imtahanlarına hazırlaşdım, test mərhələsini keçsəm də növbəti mərhələlərdə maneələrlə rastlaşdım və qırıldım. Qardaşım İT sahəsində təhsil alırdı. Həmin dövrdə bu peşə çox prestijli sayılırdı, gələcəyin peşəsi deyilirdi. Qardaşım da yüksək balla qəbul olmuşdu. Ancaq mənim İT sahəsi ilə bağlı heç bir məlumatım yox idi. Bu sahədə işləyəcəyim yatsam, yuxuma girməzdi. 2018-ci ildə qardaşım mənə təklif etdi ki, İT sahəsini öyrənim. Bacara biləcəyimi dedi. Ancaq mənə əlçatmaz görünürdü. İlk vaxtlar həvəslənsəm də, mənə bu sahə çətin gəlirdi. Ona görə geri çəkildim”.

Lakin cəmi bir il sonra G.Cəfərova qardaşının bu təklifini qəbul edir. İncəsənətə meylli olan Gülbahar eyni zamanda düşüncə tələb edən, dinamik işləri sevir. Bunu bilən qardaşı onu "Front end development” sahəsinə yönləndir: 

"Mən bu sahəni bilmədiyimə görə, tərəddüd etdim. Sonra qardaşıma güvənib cəhd etməyə qərar verdim. Araşdırmalara başladım, ardınca kursa getdim. Pandemiya başlayanda dərslərimiz onlayn rejimə keçdi. Bu ərəfədə bir iş elanına rast gəldim. İşə aid tapşırıqlar göndərmək şərt kimi qoyulmuşdu. Mən də bu fürsəti əldən verə bilməzdim. Həmin tapşırığı uğurla həll etdiyimə görə 170 nəfərin sırasından məni seçib işə qəbul etdilər. 6 ay müddətində mən orada çalışdım. Sonra başqa işə keçdim. Paralel olaraq özümü inkişaf etdirməklə məşğul oldum. 1 il 2 ay orada işlədim. Hazırda bankda "Front end developer” olaraq çalışıram”.  

Gülbahar xanım İT sahəsinə maraq göstərən qızlarla tövsiyələrini də bölüşüb: "Əzmkar olmaq, çox zəhmət çəkmək lazımdır. Zəhmətin bəhrəsi heç vaxt itmir. Əziyyətlə əldə edilən nəticələrin sevinci daha böyük olur. Mən bu gün olduğum mövqeyimə görə şükür edirəm. İşini planla və səbrlə görmək, öyrənmək lazımdır. Bu sahəyə gəlmək istəyən xanımlara tövsiyə edərdim ki, peşə seçimi ilə bağlı stereotipləri qırmağı, ancaq öz istəklərinin ardınca getməyi hədəfləsinlər. Ola bilər kişilər fiziki baxımdan üstün olsunlar, ancaq zehni tərəfdən hər kəs bərabər yaradılıb. Sadəcə bunu inkişaf etdirmək lazımdır. Lakin cinsiyyətə bölmək doğru deyil. Bu sahədə kifayət qədər uğurlu kişi və qadınlar var. İlk addımı atdıqdan sonra peşəni sevərək inkişaf etdirəcəklər”. 

"Sən hara, proqramlaşdırma hara”...



Hazırda banklardan birində "Front end developer” kimi çalışan Fidan Qurbanzadə də eyni fikirləri bölüşür. Özünəinam və stereotiplərə göz yummağın vacibliyini vurğulayır: 

"İT sahəsində çalışmaq istəyən xanımlar - özlərində yüksək motivasiya yaratmalı və onu qoruyub saxlamalıdırlar. Hər sahədə olduğu kimi burada da müəyyən çətinliklərlə qarşılaşacaqlar. Lakin özünəinam olanda bütün çətinlikləri dəf edə biləcəklər. Ətrafın fikirlərinə, yanaşmalarına önəm verməsinlər. Mən də başlayarkən ətrafdan "sən qızsan, bu səndə alınmaz”, "sən hara, proqramlaşdırma hara” kimi mənfi fikirlərlə qarşılaşırdım. Çoxları belə düşünür. Ancaq insan özünə inanarsa, bütün işlərin öhdəsindən gələ bilər. Ona görə də kimsənin sözlərinə deyil, öz səsinə qulaq asmalı, istəklərinin, arzularının ardınca getməlidirlər. Bu zaman bütün qapılar açılacaq”.

Fidan xanım hələ orta məktəbdə təhsil alarkən informasiya texnologiyalarına, kompüter elmlərinə böyük maraq göstərib. Ali təhsil üçün ixtisas seçərkən məhz bu sahəni seçib. İnşaat Mühəndisləri Unitersitetində təhsil aldığı dövrdə fəal tələbələrdən olub: 

"2-ci kursda oxuyarkən universitetin kadrlar şöbəsində 6 ay təcrübəçi kimi işləmək imkanı qazandım. Sonra başqa bir sahə üzrə özəl şirkətdə çalışmağa başladım. Ancaq hər zaman öz peşəmə qayıtmağın yollarını arayırdım. Yeri gəlmişkən, İT sahəsinə gəlmək istəyən xanımlara da tövsiyə edərdim ki, proqramlaşdırma dilinin hansı sahəsində çalışmağın onları daha çox xoşbəxt edəcəyini müəyyən etsinlər. Mən araşdırma etdim və front end proqramlaşdırma dilini seçdim. İşimdən ayrıldım və bu sahəni öyrənməyə başladım. Bir müddət sonra mən biliklərimi tətbiq etməyə ehtiyac duydum. Kursa başladım. Burada startap layihədə çalışmaq imkanı qazandım. Bu layihə sayəsində biliklərimi xeyli təkmilləşdirə bildim. Elə oradan da özəl şirkətə keçərək "front end developer” kimi işə başladım. Hazırda isə bank sektorunda çalışıram.”

Bu hekayədəki digər qəhrəman sizin qızınız ola bilər. Onları abort etmək, yaxud evdə kölə kimi böyütməkdənsə, cəmiyyətə yararlı mütəxəssisə çevirə bilərsiz, əziz valideynlər. Bunun üçün sadəcə hekayələrini təqdim etdiyimiz xanımlar kimi stereotipləri qırmaq, qızlara seçim imkanı vermək lazımdır. Gerisini özləri qazanacaqlar.  

Fərqanə Allahverdiqızı 

* Yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur.

* Yazıda əks olunan fikirlər Avropa İttifaqının, BMT-nin Əhali Fondunun və layihə tərəfdaşlarının mövqeləri ilə üst-üstə düşməyə bilər.