"Beynəlxalq şəffaflıq – Gürcüstan” (TI) və "Ədalətli seçkilər və demokratiya uğrunda beynəlxalq cəmiyyət”in (ISFED) məlumatına görə, hakim "Gürcü Arzusu” partiyası son dörd il ərzində seçkilərdə öz xeyrinə səs toplamaq üçün dövlət qurumlarından istifadə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "newsgeorgia” məlumat
yayıb.
Gürcüstanın iki nüfuzlu qeyri-hökumət təşkilatı bu gün kəşfiyyat məlumatlarını açıqlamaq ittihamı ilə ötən həftə saxlanılan Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvilidən alınan məlumatları əks etdirən hesabat
yayıb.
"Tədqiqat əsasında qeyri-qanuni üsullarla seçicilərin səslərinin hakimiyyətdə olan partiyanın lehinə səfərbər edilməsinin genişmiqyaslı sxemi aşkar edilib ki, bu da çox güman ki, partiya/seçkiqabağı dövlət orqanlarının (o cümlədən hüquq-mühafizə orqanlarının) istifadəsini təsdiqləyir”, - hesabatda deyilir.
Hesabat 2018-2021-ci illəri əhatə edir. Bu müddət ərzində Gürcüstanda prezident, parlament və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib.
Məlumata görə, "Gürcü arzusu”nu dəstəklədiklərinə görə vətəndaşlara müxtəlif imtiyazlar və güzəştlər – şərti cəzanın ləğvi, koloniyadan vaxtından əvvəl azad edilməsi, ləğv edilmiş sürücülük vəsiqələrinin bərpası, istintaqda cinayətlərin daha az ağır cinayətlərə aid edilməsi, cəzaların çəkilməsi üçün şəraitin yaxşılaşdırılması, məcburi hərbi xidmətdən möhlət və s. vəd edilib.
"Sızan” sənədlərdən məlum olub ki, bu sistemin icraçıları hakim partiya ilə birlikdə Gürcüstanın o vaxtkı ədliyyə nazirinin müavini Giorgi Pataridze və Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin rəisi Aleksandr Xodjevanişvili olub.
Üstəlik, iddia olunur ki, 2020-ci ildə hakim partiya Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə "büdcə işçiləri” ilə bağlı dosye tərtib edib və bu məlumat əsasında sonradan kadr qərarları qəbul edilib – "Gürcü arzusu”na münasibətə görə dövlət qulluqçusu vəzifədə yüksəldilə və ya vəzifəsindən azad oluna bilər.
Açıq məlumatlardan QHT-lər öyrənib ki, 2020-ci ilin payızından 2021-ci ilin avqust ayına qədər ən azı 112 dövlət məktəbi direktoru səlahiyyət müddətləri bitdikdən sonra tutduqları vəzifələrdən uzaqlaşdırılmayıb. Bu prosesdə xüsusi xidmət orqanlarının və hakim partiyanın xasiyyətnamələrinin həlledici rol oynadığı iddia edilir.
Məlumata görə, seçkiqabağı dövrdə müxalifət tərəfdarları haqqında da məlumatlar toplanıb. Məlumatlar açıq mənbələrdə axtarılıb. Bir məqsəd güdülüb - müxtəlif ictimai resurslardan istifadə edərək tənqid edən vətəndaşlara hansı təsirin göstərilə biləcəyini müəyyən etmək.
"Tam sxemin miqyası onu deməyə əsas verir ki, seçki prosesinə müdaxilə nəticəsində bu üsullar səsləri geniş miqyasda hakim partiyanın lehinə səfərbər etməyə müvəffəq olub”, - deyə araşdırma müəllifləri yekunlaşdırırlar.
Hesabat 53 səhifədən ibarətdir və burada onlarla seçicilərin rüşvət alması və onlara təzyiq edilməsi halları təsvir olunur. Onların əksəriyyəti haqqında məlumatın 2018-2019-cu illərdə "Gürcü Arzusu”nun istifadə etdiyi
[email protected] elektron poçtuna daxil olan sənədlərdə olduğu iddia edilir.
Hesabat müəllifləri bütün faktları "mümkün qədər yoxladıqlarını” vurğulayırlar. Üstəlik, bu pozuntuların bir çoxu keçmişdə də mətbuatda işıqlandırılıb.
"Gürcü Arzusu” hələlik QHT-lərin hesabatını şərh etməyib.
Nizami Bağırov
Şərhlər