
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” birinci turda ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşıb.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında təşkil olunan görüşdə təmsilçimiz növbəti dəfə böyük hesablı qələbə qazanıb - 7:0. “Araz-Naxçıvan”ın heyətində qolları Amadeu (4:54), Yaniç Aleksandar (12:01), Kadinho (15:54, 25:54), Kənan Manafov (24:39), Ülvi Əliyev (32:32), Xəzər Ağalızadə (34:03) vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk turda Şimali İrlandiya klubu “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edib. Azərbaycan çempionu qrupdakı son görüşünü avqustun 24-də yerli “Udevalla”ya qarşı keçirəcək.