Əldə olan son məlumatlara görə, Qafqaz Müsəlmanları İdarəsinin bir nəfərlik Həcc ziyarəti paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir. Bu məbləğ isə 9790 Azərbaycan manatına bərabərdir. Çox insan borc, hətta kredit götürüb Həcc ziyarətinə gedir. Bəs insanların bu şəkildə həcc ziyarətinə getməsi günah sayılırmı? Həcc ziyarətinə necə insanlar getməlidir? Bu dini baxımdan vacib şərtdirmi?
İlahiyyatçı Əkrəm Həsənov Referans.az-a bildirib ki, borc və kredit vasitəsilə Həcc ziyarətinə getmək bəyənilməyən bir əməldir.

“Bildiyimiz kimi, Həcc ziyarəti 5 ibadət növlərindən biridir. Allah-Təala Qurani-Kərimdə buyurub ki, kimin imkanı varsa, imkanı çatırsa, Həcc ziyarətinə gedə bilər. Qurani-Kərimdə həcc ziyarəti ilə ayələr çoxdur. İmkansız şəxslərdən Allah-Təala bunu tələb etmir. Kimin imkanı varsa, həcc ziyarətinə gedə bilər. Təbiidir ki, müasir dövrümüzdə insanlar bunu məhəl qoymadan, digər insanlardan borc almaqla ya da banklardan kredit götürməklə Həcc ziyarətinə gedirlər. Əgər bir insanın imkanı yoxdursa, onun borca girib ziyarətə getməyi doğru deyil. Çünki Allah-Təala bunu insandan tələb etmir. Allah-Təala buyurur ki, biz insana gücünün çatmadığı ağır yükü yükləmərik. Həmçinin Bəqərə surəsinin son ayəsində deyilir: “Ya Rəbbimiz, bizə gücümüz çatmayanı yükləmə”. Bütün bu ayələrdən çıxış edərək deyə bilərik ki, Allah-Təala insanı yükləmir və insan da özünü yükləməməlidir”.
İlahiyyatçı qeyd edib ki, Həcc ziyarətinə getməyə imkanı olmayan şəxslər digər 4 ibadət növlərini yerinə yetirə bilərlər.
“Digər 4 ibadət növlərindən biri olan zəkat da imkan daxilində edilməli ibadətdir. İnsanlar borc alıb zəkat verə bilməz. İnsan öz qazandığı halal pul ilə bu ibadətləri etməlidir. Fiqh alimləri də pul əsaslı ibadətlərin borc alınan pul vasitəsilə edilməsini qəbul etmirlər. Lakin burada bir hal da var ki, bu, qəbul olunan əməldir. Hər hansısa imkanlı bir şəxs kasıb birini təmənnasız şəkildə Həcc ziyarətinə göndərə bilər”.
Əkrəm Həsənov son olaraq vurğulayıb ki, borc vasitəsilə həcc ziyarətinə getmiş şəxslərə də günah etmiş hesab etmək olmaz. Sadəcə bu, İslam dinində bəyənilməyən bir əməldir. Bu əməlin bəyənilməməsinin səbəbi isə belə izah olunur ki, borc alan şəxs çıxdığı səfərdən geri dönməyə bilər. Bu isə onun dünyadan birinə borclu qalaraq köçməsi və qul haqqına girməsi deməkdir.
Fidan Vəlisoy