Yarmarkada 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunur.
Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir. Yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klassları da təşkil olunub.
Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər.