Azərbaycanın güləş üzrə milli komandaları qarşıdakı dünya çempionatına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirlər.
Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Qeyd olunur ki, qadınlardan ibarət yığmamız sentyabrın 30-dan hazırlıq prosesinə start verib. Toplanış oktyabrın 21-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə millimiz isə oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək.
Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaqlar.
Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirlər. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.