İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
Publika.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.