EN

Ronaldo ilə Messi yenidən üz-üzə gələcəkmi?

2024-cü ilin fevralını indidən səbirsizliklə gözləməyə dəyər.

“Football-plus.az” xəbər verir ki, ola bilər ki, həmin vaxt biz dünya futbolunun iki əfsanəsinin – Kriştiano Ronaldo ilə Lionel Messinin sonuncu duelini izləyək. Amma həmin oyun baş tutmaya da bilər...

Məsələ burasındadı ki, srağagün Səudiyyə Ərəbistanında əyləncəli tədbirlərə görə cavabdehlik daşıyan Turki Əl Əş-Şeyx öz “iks” (tvitter) hesabında “Last dance” (sonuncu rəqs) adlı paylaşım edərək Messinin şərəfini qoruduğu “İnter Mayami” ilə Ronaldonun komandası “Əl-Nəssr” arasında görüşün baş tutacağına işarə vurdu. Qarşılaşma hər il dövlət hesabına maliyyələşdirilən “Ər Riyad Kuboku” çərçivəsində keçirilməlidi. Fevralın əvvəllərində liqa formatında oynanılması planlaşdırılan bu miniturnirdə “Əl-Hilal” da çıxış etməlidi. Oyunlar “Əl-Hilal”ın 2024-ün əvvəllərində istifadəyə veriləcəyi gözlənilən 26 minlik yeni “Kinqdom Arena” stadionunda baş tutmalıdı. Amma “İnter Mayami” oyunun anonsundan bir neçə saat sonra belə bəyanat yaydı:

“Komandamızın “Ər-Riyad Kuboku”nda iştirak edəcəyi ilə bağlı məlumat yanlışdı. Həmin məlumatda hətta klubumuzun sahiblərindən olan Xorxe Masın açıqlamasına da yer verilib. Amma Mas bununla bağlı heç bir mətbu orqana rəsmi açıqlama verməyib. Biz qarşımıza dünya brendinə çevrilmək məqsədi qoymuşuq. 2024-də də mövsümöncəsi turnemiz hələ dəqiqləşməyib. Dəqiqləşəndən sonra bununla bağlı məlumat veriləcək”.


Qeyd edək ki, “yaz-payız” sistemi ilə keçirilən MLS-də mövsüm, adətən, fevralın sonlarında start götürür. Yəni “İnter Mayami” “Ər-Riyad Kuboku”nda iştirak etməklə həm də yeni mövsümə rahat şəkildə hazırlaşa bilər. Zatən komandanın artıq indidən heç bir rəsmi oyunu qalmayıb. Çünki “İnter Mayami” MLS-də hazırda davam edən pley-off zonasına düşə bilməyib. ABŞ-dan fərqli Səudiyyə Ərəbistanında çempionat Avropadakı kimi, yəni “payız-yaz” sistemi ilə keçirilir və hazırda orda mövsümün ortasıdı. “Əl-Nəssr” 2-ci pillədə qərarlaşıb. Ronaldo isə 13 qolla bombardirlər yarışına başçılıq edir. Dekabrda bu turnirdə fasilə yaranacaq və mövsüm fevralın ortalarından etibarən, yəni “Ər-Riyad Kuboku”ndan sonra bərpa olunacaq. Ötən mövsümün ortalarında da ərəblərin təklifi ilə Ronaldo ilə Messinin komandaları üz-üzə gəlmişdi. O vaxt Səudiyyə Ərəbistanının paytaxtında PSJ ilə “Əl-Hilal” və “Əl-Nəssr”in uluzları qarşılaşmışdı. Parislilər 5:4 hesabı ilə üstün olmuşdular.

Qeyd edək ki, Ronaldo ilə Messi indiyə qədər klub və yığma səviyyəsində 37 qarşılaşmada üz-üzə gəlib. Messinin komandaları 17, Ronaldonun komandaları 11 qələbə qazanıb. Qollara gəlincə, hər biri bu oyunlarda 23 dəfə fərqlənib.
Chosen
756
16
football-plus.az

10Sources