Azərbaycanda səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanma mərasimi keçirilib.
Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxışdan sonra hərbi qulluqçuların idman hazırlığı izlənilib.
Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələrinin monitorda əks olunduğu qapalı atış şəhərciyinə gələrək burada yaradılan şəraitlə tanış olublar.
Hərbi qulluqçuların məişət şəraiti ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əşya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya baxıblar.