EN

Qondarma rejimdə yüksək rütbələri Ermənistanının hərbi-siyasi rəhbərliyi verirmiş

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 13-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Davit Babayanın suallara cavab verməsi ilə davam etdirilib.

O, təqsirləndirilən şəxslərin müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırarkən digər təqsirləndirilən şəxs Bako Sahakyanı tanıdığını, onunla birgə işlədiyini bildirib.

Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş təqsirləndirilən şəxs Davit Manukyan dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən “Miatsum” haqqında məlumatının olmadığını deyib. O, Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar, təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş şəxslərin nümayəndələri David Manukyan, Lyova Mnaksakanyan, Melikset Paşayan və Madat Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə “böyük Ermənistan” cinayətkar ideologiyası, “Miatsum” və “Qarabağ” hərəkatlarının məqsədi, hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda keçirilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin qanunsuz mitinqlərdə çıxış edənlər, insanların qanunsuz mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar veriblər.

D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

Təqsirləndirilən şəxs Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun müxtəlif dəstələrdən ibarət olduğunu bildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, - deyə o əlavə edib.

D.Manukyan 1992-ci ildə Qarabağda hərbi dəstələrin fəaliyyətinin normativ aktlarla fəaliyyət göstərmədiyini də etiraf edərək diqqətə çatdırıb: “1992-ci ildə dəstələrin fəaliyyəti “insani qanunlarla” təznimlənirdi”.

O, daha sonra müdafiə tərəfinin və zərərçəkənlərin suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan suallara cavab verərkən 1988-ci ildə qanunsuz mitinqlər keçirilən zaman İrəvanda tələbə olduğu üçün həmin aksiyalarda iştirak etmədiyini bildirib.

Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Qarabağda keçirilən qanunsuz mitinqlərdə iştirak etdiyini deyib.

O, 1989-1990-cı illərdə sovet ordusunda hərbi xidmət keçdiyini, 1993-cü ildə isə Qarabağda yaradılmış “Əsgəran alayı”na qoşulduğunu qeyd edib.

Bundan sonra təqsirləndirilən şəxs Madat Babayan suallara cavabında Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirərək vurğulayıb ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi.

Daha sonra təqsirləndirilən şəxslərə cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, habelə vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə inzibati ərazi bölgüsü, müxtəlif vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma, dövriyyədə olan pul vahidi, xarici və daxili bank əməliyyatlarının aparılması, müxtəlif malların idxal və ixracı, qondarma rejimin qanunsuz iqtisadi fəaliyyəti nəticəsində istehsal olunan məhsulların üzərində istehsal yeri kimi hansı ölkənin adının qeyd edilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi, erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlara şəxsiyyəti təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi, büdcəyə vəsaitlərin toplanma qaydası, qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.

Chosen
347
34
aznews.az

10Sources