EN

"Acgöz tiranın Ukraynanı və onun xalqını parçalamasına imkan verməyin!.."

 
"İş o yerə çatıb ki, tiran Putin Ukraynaya hərbi təcavüzünə görə təriflənir və "yaxşı oğlan" hesab edilir..."
 
Ukraynanın işğal olunmuş torpaqlarının sakinləri Vaşinqtona müraciət edib
 
ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Rusiya qəsdən Ukrayna ilə atəşkəs razılaşmasını imzalamağı uzadır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Newsmax" mediakorporasiyasına martın 25-də axşam verdiyi müsahibəsində bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
"Bilmirəm. Amma düşünürəm ki, Rusiya bu müharibəyə son qoymaq istəyir, lakin bəlkə də vaxtı uzadır. Bilirsiniz, mən də illərlə belə etmişəm- saziş imzalamaq istəmirəm, amma oyunda qalmaq istəyirəm, baxmayaraq ki, bəlkə də bunu istəmirəm. Əmin deyiləm, amma yenə də düşünürəm ki, Rusiya bunun bitməsini istəyir, həmçinin düşünürəm ki, Zelenski də hər şeyin bitməsini istəyir", - Tramp deyib.
 
ABŞ prezidenti əlavə edib ki, Rusiya və Ukrayna hər həftə orta hesabla ümumilikdə 2500 əsgər itirir. "Onlar amerikalı deyil, amma bu baxımdan bu, mənim üçün heç nəyi dəyişmir. Cəbhədən gələn fotoları görürəm, amma onları görmək istəməzdim. Ətrafda hər yerdə qopmuş qollar, ayaqlar və başlar var. Mən sadəcə istəyirəm ki, bu dayansın", - Tramp vurğulayıb.
 
Səudiyyə Ərəbistanında danışıqlar və Rusiyanın tələbi
 
Xatırladaq ki, 23-25 mart tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ-ın Rusiya və Ukrayna nümayəndələri ilə danışıqları keçirilib. ABŞ nümayəndələri Ukrayna və Rusiya nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb. Görüşlərin yekununda Ağ Ev bəyan edib ki, Vaşinqton Kiyev və Moskva ilə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və Qara dənizdə "güc tətbiqinin istisna olunması" barədə razılığa gəlib.
 
"The Moscow Times" qəzetinin məlumatlı mənbələri bildirib ki, ABŞ-la aparılan danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanın dörd vilayətinin- Donetsk, Luqansk, Zaporojye və Xersonun öz nəzarətinə verilməsinə çalışıb, baxmayaraq ki, onların heç birini tam şəkildə işğal edə bilməyib. Mənbələrin sözlərinə görə, Kreml ümid edir ki, Vaşinqton Kiyevə təzyiq göstərəcək və Ukrayna qüvvələri Rusiyanın ilhaq etdiyi ərazilərdən çıxacaq.
 
İşğal olunmuş ərazilərdən açıq məktub
 
Bu arada siyasi texnoloq Mixail Şeytelman "Telegram-kanal"da Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin ABŞ hakimiyyətinə ünvanladığı açıq məktubu dərc edib.
 
Məktubun əvvəlində Rusiya işğalının qurbanları "Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizəsində kömək edən bütün insanlara- ukraynalı qaçqınlara sığınacaq verən ölkələrə və onların sakinlərinə" təşəkkür edib.
 
"Biz həmçinin xatırlatmaq istəyirik ki, Ukrayna yalnız yeraltı sərvətlərdən ibarət deyil, Ukrayna- yaşayan insanlardır. Onlar doğma torpaqlarında sülh və harmoniya içində yaşamaq, işləmək, qurmaq, övlad dünyaya gətirmək istəyən insanlardır. Sakitlik və sülh, müharibənin ayırdığı doğmaları ilə görüş arzusunda olan insanlardır", - məktub müəllifləri qeyd edib.
 
Onlar haqq və sağlam düşüncənin tərəfində olan insanlara müraciət edib: "Ukraynanı və onun xalqını parçalamağa imkan verməyin. Az sayda acgöz tiranın sizin müstəqil ölkələrinizdə demokratiyanı və söz azadlığını məhv etməsinə icazə verməyin".
 
Ukraynanın işğal olunmuş torpaqlarının sakinləri bildirib ki, Rusiya qoşunlarının silahlarının lüləsi altında keçirilən "Rusiyaya birləşmə referendumu" zamanı günlərlə evlərindən çıxmayıb. Onların fikrincə, Ukraynada insanlar qətlə yetirilərkən, dünyada "demokratiya və söz azadlığı öldürülür".
 
"Artıq iş o yerə çatıb ki, tiran Putin Ukraynada müharibəyə başladığına görə təriflənir və "yaxşı oğlan" hesab olunur. İnsanlar, ayılın, özünüzə gəlin. Dünyanın bir qrup tiranın idarəçiliyinə keçməsinə imkan verməyin. Xaosa yol verməyin", - məktub müəllifləri belə çağırış edib.
 
"Ukraynanın hər yeri bomba və mərmi partlayışlarından yanır. 2023-cü ilin iyununda Ukraynanın cənubu su altında qaldı. Çox sayda insan və heyvan həlak oldu. Bunlar təbii fəlakət deyil, bütün bunları Kreml rejiminin bir bədheybəti törədir, o, özünü Tanrıdan üstün görmək istəyir", - məktubda deyilir.
 
"Ukraynanın hər yerində hər gün insanlar həlak olur, çoxu şikəst qalır. Bizi qətlə yetirir, sonra da özümüzü günahkar çıxarırlar. İnsanlar ailələri ilə birlikdə qırılır. Niyə? Sadəcə, ona görə ki, rusiyalılar öz ölkələrini qurmaq əvəzinə, bizim torpağımıza gəlib onu dağıdır", - Rusiyanın işğalından zərər çəkmiş ukraynalılar bildirib.
Chosen
265
24
moderator.az

10Sources