EN

"İranla sövdələşmə ilə bağlı danışıqlarda tezliklə qərar veriləcək" - Tramp

"Avropa bununla bağlı öz təhlükəsizliyindən narahatdır..."
 
ABŞ prezidenti Donald Tramp müharibədən yayınmaq üçün, Ukrayna məsələsində olduğu kimi, İranın nüvə təhdidini aradan qaldırmayan bir sazişi imzalamağa razı ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
Nəşr yazır ki, Fransa, Böyük Britaniya və Almaniya ABŞ və İran arasında keçiriləcək növbəti danışıqlar raundunu diqqətlə izləməyə qərarlıdır və müzakirə edilən məsələlərin Avropanın təhlükəsizlik maraqlarına uyğun olduğuna əmin olmaq istəyir. Bu barədə Fransa xarici işlər naziri Jan-Noyel Barro aprelin 14-də bazar ertəsi günü bəyan edib.
 
O, Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə çıxış edib. Bu, ABŞ və İran arasında növbəti nüvə danışıqları raundunun aprelin 19-da, şənbə günü Romada keçiriləcəyi açıqlanandan bir neçə saat sonraya təsadüf edib.
 
ABŞ və İran nümayəndələri ötən həftəsonu Oman sultanlığında dolayı danışıqlar aparıb. Bu, Vaşinqtonun son həftələrdə artan təhdidlərinin fonunda baş verib. Ağ Ev açıq şəkildə bəyan edir ki, əgər İran danışıqlar masasına qayıtmazsa və ABŞ üçün qənaətbəxş kompromisə razılaşmazsa, hərbi gücdən istifadə etməyə hazırdır.
 
Görüşün yekununda həm İran, həm də ABŞ danışıqları "müsbət" və "konstruktiv" adlandırıb, prezident Donald Tramp isə jurnalistlərlə görüşündə bəyan edib: "İranla bağlı qərarı çox tezliklə verəcəyik".
 
Danışıqlar İsraildə də narahatlıq doğurur, burada Ukrayna məsələsində olduğu kimi, Trampın müharibədən yayınmaq üçün İranın nüvə təhlükəsini əslində aradan qaldırmayan bir razılaşmanı imzalamağa razı olacağından ehtiyat edilir.
 
Tehran bildirib ki, Oman danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşən İran xarici işlər naziri Abbas Arakçı bu həftə Moskvaya səfər edəcək və ABŞ-la müzakirə olunan məsələlərlə bağlı Rusiya ilə məsləhətləşmələr aparacaq.
 
Ukrayna müharibəsinin başlanmasından sonra İran və Rusiya arasındakı münasibətlər xeyli güclənib, Tehran Moskvaya zərbə dronları tədarük edir və məlumatlara görə, əvəzində nüvə dövlətinə çevrilməsinə kömək edəcək bilik və texnologiyalar alır.
 
Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdir və 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan nüvə sazişinin əldə olunmasında əsas rol oynayıb. ABŞ həmin sazişdən 2018-ci ildə Trampın göstərişi və İsrail hökumətinin dəstəyi ilə çıxıb.
 
Bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İrana səfər edəcək. Onun səfəri keçən həftə Tehranın agentlik inspektorlarını ölkədən çıxaracağı və zənginləşdirilmiş uran ehtiyatlarını "gizli və mühafizə olunan obyektlərdə" saxlayacağı ilə hədələməsindən sonra baş tutur. İran rejiminin bu bəyanatları ona qarşı edilən hərbi müdaxilə təhdidləri ilə əlaqələndirilir.
 
Bu arada isə Lüksemburqda toplaşan Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri yeddi iranlı rəsmi şəxsə və iki təşkilata qarşı sanksiyaların tətbiqini təsdiqləyib. Sanksiyalar Avropa İttifaqı vətəndaşlarının İranda həbs olunmasına cavab olaraq tətbiq edilib. Brüsselin bəyanatına görə, bu, Tehranın xariciləri girov kimi istifadə edərək təzyiq göstərmək və güzəştlər əldə etmək üçün həyata keçirdiyi sistemli praktikanın bir hissəsidir.
Chosen
345
37
moderator.az

10Sources