Ə.Həsənlinin sözlərinə görə, xarici tərəfdaşlarla təhsil sahəsində qurulan əməkdaşlıqlar yerli akademik mühitə də ciddi təsir edir: “Müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətlərinin stimullaşdırılması, təhsildə şəffaflıq və performans əsaslı qiymətləndirmə mexanizmlərinin tətbiqi kimi məsələlər bu əməkdaşlıq nəticəsində daha da aktuallaşır. Yəni, bu tipli beynəlxalq universitetlər təkcə tələbələr üçün deyil, bütövlükdə ali təhsil sisteminin yenilənməsi baxımından da önəmli impuls rolunu oynayır. Bu əməkdaşlıqların yalnız təhsil müstəvisində deyil, diplomatik və geosiyasi sahələrdə də xüsusi çəkisi var. Məsələn, Çinlə ortaq universitet yaradılması təşəbbüsü Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsi və iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyət daşıyır. Eyni yanaşma Rusiya və Türkiyə ilə olan münasibətlərdə də müşahidə olunur. Təhsil bu mənada yumşaq güc vasitəsinə çevrilir və dövlətlərarası əlaqələrin davamlılığını təmin edən mühüm platforma rolunu oynayır”. Ekspert qeyd edib ki, ölkədə belə keyfiyyətli və beynəlxalq təcrübəyə əsaslanan təhsil müəssisələrinin mövcudluğu gənclərin xaricə axınının qarşısını almaqda mühüm rol oynayır: “Əgər bir tələbə ölkə daxilində beynəlxalq səviyyəyə uyğun təhsil ala bilirsə, bu, həm ailələr üçün maddi yükün azalması, həm də beyin axınının qarşısının alınması baxımından önəmlidir. Beləliklə, Azərbaycanın insan kapitalı ölkə daxilində inkişaf edir və bu, strateji baxımdan olduqca vacib məqamdır. Ümumilikdə, xarici tərəfdaşlarla birgə universitetlərin yaradılması Azərbaycanın təhsil strategiyasında dərin düşünülmüş və çoxşaxəli yanaşmanın nəticəsidir. Bu təşəbbüslər ölkəmizi regionda təhsil mərkəzinə çevirmək potensialına malikdir. Əsas məsələ bu layihələrin davamlı şəkildə, milli maraqlara uyğun və şəffaf prinsiplərlə həyata keçirilməsidir. Belə olduğu təqdirdə, bu cür əməkdaşlıqlar həm təhsilimizin gələcəyinə, həm də dövlətimizin beynəlxalq nüfuzuna böyük töhfələr verməyə davam edəcək”. Sevinc İbrahimzadə / Metbuat.az