EN

Bayden Ukraynaya yardımı təmin etmək üçün kompromisə getməyə hazırdır - "Reuters"

ABŞ prezidenti Co Baydenin administrasiyası xüsusilə Ukrayna və İsrailə yeni yardımların göstərilməsindən bəhs edən qanun layihəsinin təsdiqini təmin etmək üçün sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı güzəştlərə getməyə hazırdır. Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır. Qeyd olunur ki, Ağ Ev və ABŞ Konqresi iki müttəfiq ölkəyə hərbi yardım göstərəcək və eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni immiqrasiyanın qarşısını alacaq saziş bağlamağa tələsir. Belə ki, ABŞ prezidenti Co Bayden sərhəd təhlükəsizliyi ilə bağlı əhəmiyyətli güzəştlərə getməyə hazır olduğunu bildirib. Məsələ ilə bağlı məlumatı olan bir mənbə anonimlik şərti ilə "Reuters" agentliyinə bildirib ki, Ağ Ev qismən sığınacaq üçün müraciət edənlərin ilkin yoxlanılması üçün standartların artırılmasına açıqdır. Bundan əlavə, Bayden administrasiyası "təhlükəsiz üçüncü ölkə" təminatının bir formasını - ABŞ-a gedərkən başqa ölkədən keçən miqrantlara sığınacaq verməkdən imtina etmək imkanını nəzərdən keçirir. Razılaşmanın digər mümkün nöqtəsi "sürətli çıxarılma" kimi tanınan sürətli deportasiya prosesinin genişləndirilməsi ola bilər. Mənbənin sözlərinə görə, bu prosedur təkcə sərhəddə deyil, bütün ölkə ərazisində tətbiq olunacaq. Eyni zamanda, razılığa gəlməyə çalışan ikipartiyalı senatorlar qrupu sığınacaq tələblərinin kəmiyyət limitini də müzakirə edir. Bununla belə, Bayden administrasiyasının belə bir məhdudiyyətlə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. Ağ Evin sözçüsü Angelo Fernandez Hernandez, Baydenin sərhəddəki vəziyyətin problemli olduğunu və ABŞ Konqresinin bunu düzəltmək üçün hərəkətə keçməli olduğunu açıqladığını söyləyib. “Prezident kompromislərə açıq olduğunu söylədi”, - deyə o əlavə edib. Qeyd olunur ki, Respublikaçıların rəhbərlik etdiyi ABŞ Nümayəndələr Palatası dekabrın 14-nə qədər öz işini başa çatdırmağı planlaşdırır, ona görə də Ukraynaya yardım haqqında qanun layihəsinin qəbuluna az vaxt qalıb. Demokratlar Partiyasının rəhbərlik etdiyi Senat da eyni vaxt çərçivəsinə malikdir: "Bunu nəzərə alaraq, məqsəd yüksək səviyyəli sövdələşməni təmin etmək və bəlkə də fasilə zamanı qanunvericilik mətninin dəqiq detalları üzərində işləmək kimi görünür", - deyə agentlik mənbələrə istinadən yazır. Artıq bir neçə həftədir ki, Birləşmiş Ştatlar ABŞ prezidenti Co Baydenin 106 milyard dollar məbləğində əlavə maliyyə tələbini təsdiq edə bilmir. Qanun layihəsində xüsusilə Ukrayna, İsrail və Tayvana yardım üçün vəsait ayrılması nəzərdə tutulur. Maraqlıdır ki, bu məbləğin böyük əksəriyyəti - 61 milyard dollar xüsusi olaraq Ukraynaya dəstək üçün ayrılmalı idi. Xüsusən, dekabrın 7-ndə ABŞ Senatı bu qanun layihəsinə baxılmasının irəliləməsi üçün lazımi sayda səs toplaya bilməyib. Qeyd edək ki, səsverməyə az qalmış prezident Co Bayden Ukraynaya dəstək üçün maliyyə ayrılmasını təsdiq etməyə çağırıb. O vurğulayıb ki, Putin təkcə Ukraynada dayanmayacaq, əgər diktator qalib gələ bilsə, döyüşlər NATO ölkələrinə də yayılacaq. O, dedi ki, hamının qaçmağa çalışdığı şey baş verəcək: Amerika əsgərləri rus əsgərləri ilə vuruşmalı olacaqlar. Qadir, Bizimyol.info

Chosen
476
39
bizimyol.info

10Sources