Rusiya Avrasiya İqtisadi İttifaqının (Aİİ) genişləndirilməsini, ilk növbədə, əmək miqrasiyasında məhdudiyyətlərin olmaması səbəbindən ən çox miqrantların gəldiyi ölkələri də əhatə etmək istərdi.
Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Demoqrafik vəziyyət, işçi qüvvəsinə tələb və onun dəyəri elədir ki, iqtisadiyyatı inkişaf etdirmək və inflyasiyanın qarşısını almaq üçün əmək miqrantlarını cəlb etmək lazımdır", - Overçuk "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
O, problemin bir hissəsinin qabaqcıl texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması yolu ilə həll oluna biləcəyini, lakin bu, sərmayə tələb edən bahalı və daha uzunmüddətli həll yolu olduğunu qeyd edib.
Overçuk xatırladıb ki, Aİİ qanunu öz ölkələrindən kənarda işləyən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşlarına işlədikləri ölkənin vətəndaşları ilə eyni hüquqlardan istifadə etməyə imkan verir.