Böyük Britaniya hökumətinin başçısı qeyd edib ki, ən yaxşı çəkindirici vasitə, lazım gələrsə, güc yolu ilə sülhü qorumağa hazır olduğunu nümayiş etdirməkdir.
Britaniya “müharibə hazırlığı” rejiminə keçir. Bunu Britaniyanın baş naziri Kir Starmer hökumətin Strateji Müdafiə İcmalının təfərrüatlarını açıqlayarkən deyib.
Məlumatı “New York Times” yayıb.
“Silahlı qüvvələrimiz müharibəyə hazırlığa doğru irəliləyir. Güclü orduları olan dövlətlər tərəfindən təhdid edildikdə, ən yaxşı çəkindirici vasitə, lazım gələrsə, güc yolu ilə sülhü qorumağa öz hazırlığımızı nümayiş etdirməkdir”, - baş nazir deyib.
Starmer bəyan edib ki, “əvvəllərdə olduğundan daha inteqrasiya olunmuş, daha yaxşı təlim keçmiş və daha ölümsaçan” bir ordu yaratmağı hədəfləyir. Bundan əlavə, strateji ehtiyat” da yaradılacaq.
O, Böyük Britaniyanın ən azı altı döyüş sursatı fabriki tikəcəyini, yeni uzaqmənzilli silahlar hazırlayacağını, hava və raketdən müdafiəyə sərmayə qoyacağını bildirib.
Starmer həmçinin 12 yeni nüvə sualtı qayığının inşa ediləcəyini təsdiqləyib. O söz vermişdi ki, hər 18 aydan bir yeni sualtı qayıq peyda olacaq.
Bundan əvvəl mətbuat Böyük Britaniyanın B61-12 termonüvə bombaları daşıya bilən F-35A qırıcılarının alınması ilə bağlı ABŞ-la danışıqlara başladığı barədə məlumat yayıb.
P.ƏMİRCANOV
XQ