Bank məsələləri üzrə ekspert Kənan Quluzadə Ajans.az-a bildirib ki, son illərdə texnologiyanın inkişafı ilə birlikdə onlayn kredit təşkilatlarının sayı sürətlə artıb. Bu cür qurumlar vətəndaşlara banklara müraciət etmədən, qısa zamanda və sənədsiz kredit alma imkanı təqdim edir. Lakin bu rahatlıq arxasında ciddi təhlükələr və risklər gizlənir. Ekspert deyib ki, yüksək faiz və cərimələr onlayn kredit təşkilatlarının təklif etdiyi faiz dərəcələri əksər hallarda banklarla müqayisədə daha yüksək olur. İlk baxışdan cəlbedici görünsə də, vaxtında qaytarılmayan kreditlərə görə tətbiq olunan faiz və cərimələr borcun qısa müddətdə dəfələrlə artmasına səbəb olur. Bəzi onlayn kredit təşkilatları rəsmi qeydiyyatdan keçmədən və ya xarici yurisdiksiyada fəaliyyət göstərərək Azərbaycanda mövcud olan qanunvericilikdən yayınırlar. Bu da vətəndaşların hüquqlarını qorumaqda çətinliklər yaradır. Əgər mübahisə yaranarsa, bu təşkilatlara qarşı hüquqi tədbir görmək olduqca çətin ola bilər. Kənan Quluzadə söyləyib ki, onlayn kredit müraciəti zamanı istifadəçilər şəxsi məlumatlarını – şəxsiyyət vəsiqəsi, bank kartı nömrəsi, ünvan və s. – təqdim edirlər. Bu məlumatların üçüncü şəxslərə ötürülməsi və ya sızması riski yüksəkdir. Kibertəhlükəsizlik tədbirləri zəif olan təşkilatlar istifadəçilərin məlumatlarını təhlükə altında qoya bilər. “Kredit ödənişində gecikmə hallarında bəzi onlayn kredit təşkilatları etik normaları pozaraq vətəndaşlara təhqiredici zənglər edir, ailə üzvləri ilə əlaqə saxlayır və ya borclunu utandırmağa çalışır. Bu cür hallar insanlarda psixoloji gərginlik, depressiya və sosial problemlərə səbəb ola bilər.”-deyə, o bildirib. Ekspertin fikirlərinə əsasən, çox zaman vətəndaşlar kiçik məbləğli kredit götürsələr də, yüksək faizlər və cərimələr nəticəsində borcları ödəyə bilmirlər və yeni kreditlə köhnə borcu bağlamağa çalışırlar. Bu, borc bataqlığına çevrilərək ailənin ümumi maliyyə sabitliyini pozur. Əksər hallarda onlayn kredit müqavilələri tam oxunmur və istifadəçilər sadəcə “razıyam” düyməsinə klikləməklə bütün şərtlərə razılıq verirlər. Bu şərtlərin içində ciddi maliyyə və hüquqi öhdəliklər ola bilər ki, borcalan bunu əvvəlcədən dərk etmir.