EN

QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…


Nadim Əliyev: “QR kod vasitəsilə istifadəçilər saxta bir veb səhifəyə yönləndirilə bilər"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə "SCAN ME" şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta "Teleqram" kanallarına yönləndirilir və onlardan sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.

Beləliklə, vətəndaşlardan, əsasən, bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.

Onu da qeyd edək ki, bu gün əksər restoran və iaşə obyektlərində kağız menyu deyil, QR kod vasitəsilə menyuya baxılır, nəsə sifariş verilir. Bu halda sual yaranır ki, iaşə obyektləri bilərəkdən kağız menyuları yığışdırıb? Ümumiyyətlə, bu məsələ necə həll olunmalıdır?

“QR kodlar istifadəçilərə məlumatları tez və rahat şəkildə əldə etmək imkanı versə də, bəzi təhlükələr də yarada bilər"

İKT sahəsi üzrə ekspert Nadim Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, QR kodlar artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Onlar biznes və şəxsi istifadə ilə yanaşı, bir çox məqsədlər üçün də geniş istifadə olunur: “QR kodlar istifadəçilərə məlumatları tez və rahat şəkildə əldə etmək imkanı versə də, bu rahatlıq bəzi təhlükələr də yarada bilər. Belə ki, QR kodlar vasitəsilə fişinq hücumlara məruz qalmaq mümkündür. QR kod vasitəsilə istifadəçilər saxta bir veb səhifəyə yönləndirilə bilər. Yəni bu cür səhifələr orijinal kimi görünə və istifadəçiləri aldatmağa hesablana bilər. Belə bir saytda istifadəçi giriş məlumatlarını və ya digər həssas məlumatlarını daxil edərsə, həmin məlumatlar kiberdələduzlara ötürülür. Son günlər ictimai məkanlarda, dayanacaqlarda və sosial şəbəkələrdə “SCAN ME” şüarı ilə yayılan rəngli QR-kod afişaları ciddi narahatlığa səbəb olub. İctimai xidmət sahələrində istifadə edilən rəsmi QR kodlar vizual və texniki baxımdan qorunmalı, onların üzərinə saxta kodların yapışdırılmasının qarşısı alınmalıdır. İstənilən halda, vətəndaşlardan kart məlumatı və ya şəxsiyyət sənədi tələb olunması ciddi problemə səbəb olur".

Günel CƏLİLOVA

Chosen
120
7
baki-xeber.com

10Sources