EN

"Almaniyada İsrailə silah ixracına etiraz artır: ictimaiyyətin səbr kasası dolub" - Sorğunun nəticələri

"Respondentlərin 55 faizi Almaniyanın Holokost cinayətlərinə görə artıq məsuliyyət daşımalı olmadığı qənaətindədir..."
 
ARD ictimai yayım şirkəti tərəfindən 2-3 iyun tarixlərində keçirilən rəy sorğusu göstərib ki, Almaniya vətəndaşlarının böyük əksəriyyəti İsrailə silah ixracına ciddi məhdudiyyətlərin tətbiq olunmasını istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "trt.global" nəşri yazıb.
 
Almaniyada ictimai rəy dəyişir
 
Məlumatda deyilir ki, 1292 respondent arasında aparılan sorğuda iştirak edənlərin 73 faizi silah ixracına nəzarətin sərtləşdirilməsini, 30 faizi isə tamamilə qadağan olunmasını tələb edib.
 
Bundan əlavə, respondentlərin 63 faizi İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatların "həddindən artıq" olduğunu bildirib. 73 faiz isə bu hərəkətləri ümumiyyətlə "əsassız və qeyri-məqbul" sayır. Cəmi 13 faiz respondent Almaniyanın İsraili qeyd-şərtsiz dəstəkləməli olduğunu düşünür, 74 faiz isə bu mövqeyin əleyhinə çıxır.
 
Tarixi ittifaq, müasir tənqid
 
İkinci Dünya müharibəsindəki  Holokost cinayətlərinə görə Almaniyanın İsrailə qarşı xüsusi məsuliyyət daşıdığı tez-tezi son illərdə rəsmi Berlinin siyasətində əsas istiqamətlərdən biri olub. Lakin bu rəy də dəyişir - respondentlərin 55 faizi Almaniyanın artıq bu məsuliyyəti daşımalı olmadığı qənaətindədir.
 
Almaniya ABŞ-dan sonra İsrailin ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya hökumətinin verdiyi rəsmi məlumata əsasən, 2023-cü il oktyabrın 7-də başlayan müharibədən 2025-ci ilin may ayınadək Berlin Tel-Əvivə 485 milyon avro dəyərində silah və hərbi texnika ixracını təsdiqləyib. Bunlara odlu silahlar, sursat, hərbi donanma üçün avadanlıq, zirehli nəqliyyat vasitələri və elektron sistemlər daxildir.
 
Siyasi rəhbərlik də mövqeyini dəyişir
 
Almaniyanın yeni kansleri Fridrix Mers son günlərdə İsrailin Qəzzaya endirdiyi hava zərbələrini açıq şəkildə tənqid edərək, onları "artıq nə əsaslandırıla bilən, nə də başa düşülən" adlandırıb. Onun bu fikirləri ARD sorğusunda iştirak edənlərin 75 faizi tərəfindən dəstəklənib.
 
Xarici işlər naziri Yohann Vadeful da İsrailə qarşı silah ixracında mümkün sanksiyalardan danışaraq, Almaniyanın mövqeyində dəyişiklik ola biləcəyinə eyham vurub. Lakin o, çıxışı zamanı İsrailin Almaniya silahlarından mülki əhaliyə qarşı istifadə etmədiyinə dair sübut olub-olmadığını açıqlamayıb.
 
Məhkəmə cəhdləri və beynəlxalq təzyiqlər
 
İsrailə silah ixracını dayandırmaq məqsədilə bəzi beynəlxalq hüquqi təşəbbüslər, o cümlədən Nikaraqua tərəfindən BMT Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan iddia olsa da, hələ ki, bunların heç biri uğurla nəticələnməyib. Bununla belə, artan ictimai narazılıq və dəyişən siyasi ritorika Almaniyanın yaxın gələcəkdə mövqeyini yenidən nəzərdən keçirəcəyinə işarə edir.
 
İnsa Tədqiqat İnstitutunun ayrıca apardığı bir başqa sorğu da bu meyli təsdiqləyir: respondentlərin 58 faizi İsrailə silah ixracının müvəqqəti dayandırılmasını dəstəkləyib, yalnız 22 faizi buna qarşı çıxıb, qalanları isə cavab verməkdə çətinlik çəkib.
 
Beləliklə, Almaniyada həm ictimaiyyət, həm də siyasi dairələr İsrailin Qəzzada apardığı əməliyyatlara münasibətdə daha tənqidi mövqe sərgiləməyə başlayıb. Artıq "tarixi məsuliyyət" arqumenti əvvəlki təsirini itirməkdədir və Almaniyanın Yaxın Şərq siyasəti ciddi dönüş nöqtəsinə yaxınlaşır.
Chosen
350
13
moderator.az

10Sources