BAKI, 7 iyun. TELEQRAF
Rusiyanın “Belaya Vorona” nəşriyyatı İsveç yazıçı Sven Nurdkvistin dörd kitabını satışdan çıxarıb.
Teleqraf xəbər verir ki, bu qərar onları 20 il əvvəl tərcümə etmiş şəxsin bir həftə əvvəl "xarici agent" elan edilməsi ilə bağlıdır.
Nəşriyyat sözügedən addımının müvəqqəti olduğunu bildirib. Bu barədə naşirin Telegram kanalında məlumat verilib.
“Tülkü ovu”, “Petson yürüşə gedir”, “Petson kədərlidir” və “Petson və Findusla yemək hazırlayaq” kimi əsərlərin tərcüməçisi, hüquq müdafiəçisi Aleksandra Polivanovanı mayın 30-da Rusiya Ədliyyə Nazirliyi “xarici agent” elan edib. Nəşriyyat bildirir ki, tərcümələr 20 il əvvəl edilib, “Petson və Findus haqqında əhvalatlar məhz bu xanımın sayəsində Rusiyada görünməyə başlayıb və oxucuların məhəbbətini qazanıb”.
Naşir qeyd edib: "İndi biz məcburuq ki, bu kitabları müvəqqəti olaraq satışdan yığışdıraq. Qanuna görə, kitabın tərcüməçisi müəllifə bərabərdir. İndi də həmin qanunda nəzərdə tutulmuş bir sıra zəruri tədbirləri görməliyik: uşaq kitablarının işarələnməsini 18+ olaraq dəyişdirin, üz qabığına artıq tanış olan lövhə ilə stikerlər əlavə edin və s. kimi formal tələblərdən söbət gedir. Bu işləri bitirən kimi kitabları yenidən satışda görəcəksiniz. Seriyadan başqa kitabları isə indi də əldə etmək olar. Nəşriyyatımızın tarixçəsi Petson və Findusun əhvalatlarının nəşrindən başlayıb. Biz onları sevirik və sizin də onları nə qədər sevdiyinizdən xəbərdarıq. Anlayış və dəstək göstərəcəyinizə ümid edirik”.
Qeyd edək ki, Aleksandra Polivanova “Memorial” Cəmiyyətinin mədəni proqramların kuratoru, isveç və ingilis dillərindən tərcüməçidir. Mayın 30-da Ədliyyə Nazirliyi A.Polivanova da daxil olmaqla “xarici agentlərin” reyestrini yeniləyib.