EN

"Putin parkda oynayan uşaq yox, uşaqları öldürən qatildir" - Zelenski

 
"Bu kimi faciələri yalnız müharibəni yaşayan, o dəhşəti görən insanlar tam anlaya bilər, Tramp isə  istər-istəməz bu ağrını tam dərk edə bilməz..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın onu və Rusiya rəhbəri Vladimir Putini "parkda dalaşan uşaqlara" bənzətməsinə kəskin reaksiya verib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "abcnews.com" nəşrinə müsahibəsində bəyan edib.
 
Zelenski bu bənzətmənin əsassız və təhqiramiz olduğunu deyərək bildirib ki, bu, heç bir halda iki uşaq arasında baş verən mübahisəyə bənzəməz.
 
"Biz Putinlə parkda oynayan uşaqlar deyilik. O, bu parka uşaqları öldürmək üçün gəlmiş bir qatildir", - Zelenski bəyan edib.
 
Trampın müharibəyə yanaşması Zelenskini məyus edir
 
Zelenski Trampın Ukraynadakı müharibəyə yanaşmasını sərt tənqid edib və bildirib ki, uzaqdan, minlərlə kilometr aralıdan bu ağrını, bu itkiləri tam hiss etmək və anlamaq mümkün deyil. Prezident bir ukraynalı atanın yaşadığı ağrını nümunə göstərərək onun sözlərini emosional şəkildə çatdırıb:
 
"Bu kişi hər səhər yuxudan oyananda hələ də evinin hər küncündə ailəsini axtarır. Deyir ki, ona hələ də elə gəlir, bu, sadəcə pis bir yuxudur. Bu cür ağrını heç bir statistika və ya rəqəmlə ifadə etmək mümkün deyil".
 
Zelenskinin fikrincə, bu kimi faciələri yalnız müharibəni yaşayan, o dəhşəti görən insanlar tam anlaya bilər. Tramp isə  istər-istəməz bu ağrını tam dərk edə bilməz.
 
"Dünya hələ də susur, Putin isə bu susqunluqdan istifadə edir"
 
Zelenski eyni zamanda, Rusiyanın davamlı raket və dron hücumlarına qarşı beynəlxalq ictimaiyyətin hələ də birmənalı və sərt reaksiya vermədiyini vurğulayıb. Onun sözlərinə görə, Putin məhz bu parçalanmış münasibətdən, bu tərəddüdlərdən istifadə edərək müharibəni uzadır:
 
"Ruslar mütəmadi olaraq dünyanı parçalamağa çalışır. Onlar təzyiqlərin artmasının qarşısını almaq üçün dünyada fikir ayrılığı yaratmağa çalışır. Təəssüf ki, dünya ictimaiyyətinin bir hissəsi hələ də bu vəhşiliyi açıq şəkildə qınamır. Putin də məhz bunu fürsətə çevirir".
 
Prezident bildirib ki, 6 iyun tarixində Rusiyanın müxtəlif bölgələrə - Kiyev, Ternopol, Xarkov, Sumı və digər şəhərlərə etdiyi raket və dron hücumları nəticəsində 400-dən çox pilotsuz uçuş aparatı və 40-dan çox raket istifadə olunub. Bu hücumlar nəticəsində azı dörd nəfər həyatını itirib, 80-dən çox insan yaralanıb.
 
Zelenskinin sözlərinə görə, bu cür hücumlar yalnız Rusiyaya qarşı daha sərt mövqe tutmaqla dayandırıla bilər: "Atəşin kəsilməsi, diplomatik təşəbbüslər və təhlükəsizlik zəmanətləri - bütün bunlar birlikdə işləməlidir. Dünya təzyiqi artırmalı və Rusiyanı geri çəkilməyə məcbur etməlidir".
 
ABŞ-a təşəkkür, amma...
 
Zelenski eyni zamanda, ABŞ-da bu müharibənin nə demək olduğunu anlayan siyasətçilərə təşəkkürünü bildirib. Lakin dolayısı ilə Trampın bəzi açıqlamalarına və tərəddüdlü mövqeyinə də tənqidi münasibətini gizlətməyib.
 
Xatırladaq ki, Tramp son aylarda müxtəlif və ziddiyyətli bəyanatlar verib. O, bir tərəfdən Putini atəşkəsə razı sala biləcəyini iddia edib, digər tərəfdən isə Ukraynanın davranışlarını da tənqid edib və hətta Ukraynaya qarşı sanksiya tətbiqini istisna etməyib.
 
Zelenskinin son açıqlamaları göstərir ki, Ukrayna lideri həm Trampın sözlərinə, həm də beynəlxalq ictimaiyyətin qeyri-müəyyən və bəzən biganə mövqeyinə qarşı ciddi narahatlıq keçirir və bu müharibənin təkcə Ukraynanın problemi olmadığını dünyaya xatırlatmağa çalışır.
Chosen
123
37
moderator.az

10Sources