Acarıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç Moldova və dörd Türkiyə vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əcnəbilərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr: metadon, mefedron, preqabalin, marixuana, habelə xüsusi təchiz olunmuş istixanalarda bitən çətənə kolları aşkar edilərək götürülüb.
Maddi sübut kimi işə dərman vasitələrinin qablaşdırılması üçün lazım olan elektron tərəzi və müxtəlif materiallar, həmçinin istixanalardan alınan avadanlıqlar əlavə edilib.
İdarədən bildirilib ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanması, narkotik vasitələrin qanunsuz satışına cəhd, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsi faktları ilə bağlı araşdırmalar davam etdirilir.