EN

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi bu gün Londonda keçiriləcək

Pekin, 9 iyun, AZƏRTAC

Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksək səviyyəli danışıqların növbəti raundu iyunun 9-da Londonda başlayacaq.

AZƏRTAC xəbər verir ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skot Besent, ticarət katibi Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrir daxildir. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri tərəflər arasında 2-ci, dövlət başçıları arasında telefon danışığından sonra isə ilk yüksəksəviyyəli təmasdır. Tərəflər arasında ilk danışıqlar ötən ayın 10-11-də Cenevrədə keçirilmişdi. Görüşdən sonra hər iki ölkənin nümayəndə heyəti ticarət danışıqlarında irəliləyişin əldə olunduğunu açıqlamışdı. Ən vacib nəticə isə tərəflərin ilkin mərhələdə 90 günlük müddətinə bir-birilərinin mallarına idxal rüsumlarının tətbiqini azaltmaq barədə razılığı idi. Belə ki, görüşün yekununa dair imzalanmış bəyanata əsasən, mayın 14-dən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri müvəqqəti olaraq 30 faizə, Çin isə Amerika idxalına tətbiq etdiyi rüsumları 10 faizə endirməyə razılaşmışdı. Bundan başqa, tərəflər Çin Baş nazirinin müavini Hı Lifen, ABŞ-ın maliyyə naziri Skot Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn rəhbərliyi altında iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. İyunun 8-də Çin tərəfi bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi qadağını yumşaldıb.

Bununla belə, ekspertlər hesab edirlər ki, dünyanın 2 iqtisadi nəhəngi arasında ticarət mübahisələrinin tezliklə həllini gözləmək sadəlövhlük olar. Çünki tərəflərin bəzi məsələlərdə maraqları ciddi şəkildə toqquşur. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Çin lideri Si Cinpinin çox barışmaz mövqe tutduğunu və onunla razılıq əldə etməyin çox çətin olduğunu yazıb. ABŞ Prezidenti iddia edir ki, Cenevrə görüşündə əldə olunan razılaşmaların çoxu pozulub. Çin Ticarət Nazirliyi isə buna cavab olaraq ABŞ-ın hərəkətlərinin, o cümlədən çip ixracına nəzarət üzrə yeni qaydaların və tələbə vizalarının ləğvi ilə bağlı hədələrin Cenevrədə əldə edilən razılaşmalara zidd olduğunu və Çinin maraqlarına zərər vurduğunu bəyan edib.

Qeyd edək ki, Donald Tramp administrasiyası böyük ticarət kəsirini azaltmaq və itirilmiş istehsalı canlandırmaq ümidi ilə milyardlarla dollar dəyərində idxal mallarına yüksək tariflər tətbiq etməklə Birləşmiş Ştatların əzəli iqtisadi rəqibi Çinlə ticarət əlaqələrini yenidən müzakirə etməyə çalışıb. ABŞ-ın Çin mallarına idxal rüsumlarını 145 faizə yüksəltməsi birja, istiqraz və valyuta bazarlarında çalxalanma ilə nəticələnib. Çin bu addıma öz tarifləri ilə (125 faiz) cavab verib və Trampı geri çəkilməyə inandırmaq üçün əsas təchizat zəncirlərindəki üstünlüyündən istifadə edir.

Ötən il Çinin ABŞ-a ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsində ən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
157
8
azertag.az

10Sources