EN

Tramp və Maskın “yalançı davası”: PR oyunu, yoxsa siyasi strategiya?

Son günlər ABŞ ictimai rəyində Donald Tramp və İlon Mask arasında baş verən söz atışması geniş müzakirələrə səbəb olub. Görünən odur ki, bu qarşıdurma təkcə şəxsi münasibətlər və fikir ayrılığı ilə izah oluna bilməz. Hadisələrin məntiqi ardıcıllığı və zamanlaması bu “davanın” arxasında daha dərindən düşünülmüş planın ola biləcəyini göstərir.

Bəs bu “münaqişənin” məqsədi nədir? Tramp və Mask arasında baş verənlər əslində nəyi gizlədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Tramp administrasiyasının bir sıra beynəlxalq məsələlərdə - Ukrayna-Rusiya münaqişəsi, İranla diplomatik proseslər, Qəzza böhranı - uğur qazana bilməməsi fonunda medianın tənqidləri artmaqda idi. Tramp və Mask arasında söz savaşı ictimai diqqəti real problemlərdən yayındıraraq, diqqəti daha “cəlbedici” və fərdi qarşıdurma üzərinə yönəltdi. Bu isə klassik gündəm dəyişdirmə taktikasına bənzəyir.

Onun sözlərinə görə, son dövrlər bəzi dairələr Maskı siyasi sistemə alternativ lider kimi təqdim etməyə başlamışdı. Bu isə mövcud siyasi elita üçün narahatlıq doğururdu. Müsahibimiz vurğulayıb ki, Trampın onunla açıq qarşıdurmaya girməsi, Maskı daha çox mübahisəli və “nəzarətsiz oyunçu” kimi göstərməyə xidmət edir. Beləliklə, ictimai şüurda Maskın “alternativ lider” obrazı kölgələnir.

Politoloq qeyd edib ki, bu cür açıq qarşıdurmalar həm də daxildə kimin kimə sadiq olduğunu üzə çıxarmaq üçün istifadə olunur. Mask və Tramp tərəfdarları arasında başlayan loyallıq mübarizəsi, siyasi düşərgənin daxilindəki “çürük meyvələri” ayırmaq üçün təsirli vasitə ola bilər. Beləliklə, gələcək üçün daha sabit və etibarlı komanda qurulur.

Qarayevanın dediyinə görə, Maskın Trampa qarşı müxalif mövqe sərgiləməsi, əslində, Trampdan narazı olan, lakin demokratları da dəstəkləmək istəməyən seçiciləri sistem daxilində saxlamaq məqsədi daşıyır. Mask bu seçici kütləsinin “emosional çıxış nöqtəsi” rolunu oynayaraq onların demokratlara keçməsinin qarşısını alır.

Züriyə Qarayeva: Bu ssenarini kimin yazdığı yox, onun kimin üçün daha çox işləyəcəyi maraqlıdır

Həmsöhbətimiz hesab edir ki, əgər bu qarşıdurma əvvəlcədən razılaşdırılmış PR strategiyasının tərkib hissəsidirsə, böyük ehtimalla yaxın bir neçə ayda tərəflər arasında ictimai barışıq elan olunacaq:

“Bu barışıq Trampı daha tolerant və böyüklük nümayiş etdirən lider kimi göstərməyə, Maskı isə siyasi sistemə “təhlükəli deyil, faydalı” oyunçu kimi təqdim etməyə xidmət edəcək”.

Z.Qarayev bildirib ki, Tramp və Mask arasında baş verənlər siyasətin yalnız qərarlar üzərində deyil, həm də təəssüratlar və vizual effektlər üzərində qurulduğunu bir daha sübut edir:

“Bu “dava” əgər həqiqətən planlaşdırılmış strategiyanın bir parçasıdırsa, məqsədlər sadəcə şəxsi ambisiyalar deyil, həm də siyasi proseslərin manipulyasiyasıdır.

Maraqlı olan isə budur: bu ssenarini kimin yazdığı deyil, onun kimin üçün daha çox işləyəcəyidir”.

Mina Mikayılova

Chosen
110
50
bakivaxti.az

10Sources