EN

Bura təkcə arxiv sənədlərin duracağı deyil, həm də tarixlə görüş yeridir - REPORTAJ

Bu səssiz məkanda sənədlərin rəflərdən boylandığı hər guşədə bir dövr, bir tarix yaşayır.

Bu dəfə baş çəkəcəyimiz ünvan Azərbaycan Respublikası Dövlət Tarix Arxividir. Oraya sanki keçmişlə üz-üzə gəlməyə gedirdik. Təsəvvürlərdə canlanan toz basmış rəflər burada gerçəyə çevrilirdi - saralmış kağızlar, nimdaş qovluqlar, sükutla zamanı izləyən dolablar...

Hələ binanın qarşısında ikən əllərində kağız olan gənclərin müzakirələri diqqətimi çəkir. Görəsən, onlar burada nə axtarırlar?

Bizi çox da böyük olmayan kabinetin girişində kiçik stolun üstünə yığılmış qalaq-qalaq sənədlər qarşılayır. Bu sənədlərin necə qiymətli olduğunu sonradan Arxivin direktoru Anar Mirəliyevdən öyrənəcəyik. Amma ilk olaraq onunla idarənin iş fəaliyyəti barədə danışırıq.

Direktor deyir ki, 1930-cu ildən müstəqil fəaliyyət göstərən Dövlət Tarix Arxivində ən qədim sənəd 1705-ci ilə aiddir. Bu, qədim pəhləvi dilində yazılmış Quba xanlarına aid fərmanlar kolleksiyasıdır:

“Eyni zamanda, 1929-cu ilə qədər dövrü əhatə edən tarixi sənədlər burada mühafizə olunur. Ümumiyyətlə, Tarix Arxivində 757 fond, 1 123 siyahı, 240 123 saxlanma vahidi mühafizə olunur. Bundan başqa, XIX əsrin əvvəllərindən 1920-ci ilə qədər Rusiya imperiyası dövründə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz sənədlər mühafizə edilir. Qorunan ən qiymətli sənədlərə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsinə dair (1805) sənədlər, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin nüsxələri daxildir. Elə qapıda sizi qarşılayan sənəd də Türkmənçay müqaviləsinin nüsxəsidir”.

Nüsxəni əlimə götürüb vərəqləyirəm. Bu, bildiyimiz 2-3 vərəqlik bir sənəd deyil. Qalın, bəlkə də ensiklopediya ağırlığında bir kitabdır.

Arxiv 4 şöbədən ibarətdir: Sənədlərin mühafizəsi və uçotu, Sənədlərin nəşri və istifadəsi, Arxiv fondlarının elmi-məlumat aparatı və rəqəmsallaşdırılması, Elmi-məlumat kitabxanası və çap məhsulları şöbələri.

Direktor sənədlərin qorunması üçün xüsusi şərait lazım olduğunu vurğulayır:

“Məsələn, mühafizə otağında temperatur 18 dərəcə, nisbi-ritubət 50-55 faiz olmalıdır. Əməkdaşlar hər gün səhər və axşam bu normalara nəzarət edirlər. Sənədlər Günəş şüasından tamamilə uzaq tutulur”.

A.Mirəliyevdən müraciətlərlə bağlı soruşuram.

Onun sözlərinə görə, vətəndaş və tədqiqatçılar ASAN xidmət, vəkil sorğusu, məhkəmə, notariuslar və eyni zamanda, şəxsi məktub vasitəsi ilə müraciət edə bilərlər:

“Eyni zamanda, vətəndaşlar arxiv sənədlərdən istifadə üçün idarənin oxu zalına da gələ bilərlər. 2023-cü ildən bütün bu xidmətlər ödənişlidir. Müraciət edən vətəndaşlara hər cür köməklik göstərilir”.

Sürətlə elektronlaşan dünyada hələ də sənədləri kağız üzərində axtarmaq vaxtın səmərəsiz istifadəsi kimi qiymətləndirilir. Bu baxımdan, arxiv materiallarının rəqəmsallaşdırılması vacib proseslərdən hesab olunur. Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən arxiv fondlarının rəqəmsallaşdırılması işindən danışan idarənin direktoru proses yekunlaşdıqdan sonra istifadəçilərin internet üzərindən də arxiv sənədlərə baxış imkanı əldə edəcəklərini qeyd edir:

“Bu, vətəndaşlara, tədqiqatçılara və jurnalistlərə operativlik və əlçatanlıq baxımından ciddi üstünlüklər verəcək. Hazırda arxiv materiallarının rəqəmsallaşdırılması prosesi gedir. Milliarxiv.gov.az saytına daxil olanda ümumi fondda hansı məlumatlar var, onu görə bilirik.

Arxivlərdə insanlara daha çox maraqlı olan şəcərə məlumatlarıdır, Vətəndaş müraciət edərək idarə əməkdaşlarından şəcərə ilə bağlı arxivin açılmasını istəyirsə, bunun üçün dövlət rüsumu ödəməlidir. İşin icra müddətinə görə rüsumlar da fərqli olur 200-400-600 AZN. Bu, asan iş deyil. Dünya üzrə arxivlərdən istifadə qiymətlərinə baxsaq, görərik ki, ən ucuz bizdədir. Özü gəlib araşdırsa, bu zaman qiymət bir qədər ucuz olur. Araşdıran şəxsin təcrübəsi və anlayışı varsa, onun ödəyəcəyi məbləğ 10-15 manat arası dəyişir. Burada gün məsələsi də var. Bizim 10 günə tapdığımız məlumatı siz 10 günə tapmayacaqsız”.

O qeyd edir ki, soykökünü araşdıran şəxs babalarının adını, nə işlə məşğul olduqlarını, dinini, hansı kənd və ya qəzadan gəldiyi barədə məlumatı ala bilər:

"Bəzən mənə zəng edirlər ki, filankəs nə vaxt, harada doğulub? Elə bilirlər ki, ad yazan kimi məlumatlar tapılır. Yox. Mütləq araşdırmalı, xeyli sənədə baxış keçirməlisən”.

Direktor burada məhkəmə tibbi ekspertizasına aid arxiv məlumatların da olduğuna diqqət çəkir:

“Məsələn, öldürülən şəxsin saçından, paltarından kiçik bir hissə olan sənədlər var. Bunlar həm araşdırmaçı, həm də bizim üçün maraqlıdır. Arxivdə işləmək üçün oturmağa həvəsin, səbrin olmalıdır. Saralmış, fərqli dəsti-xətli vərəqləri oxumaq, sistemli analiz etmək bunları tələb edir. Zamanla aşınmış, məhv olmuş və ya itmiş sənədlərin bərpası üçün laboratoriyamız var. Vaxt keçdikcə, bəzi sənədlər istər-istəməz yararsız vəziyyətə düşür. Belə sənədlər laboratoriyaya getməzdən əvvəl sökülür, nömrələnir və təsdiqedici vərəq yapışdırılır. Orada xüsusi maddələrlə restavrasiya olunur, tikilir, cildlənir və geri göndərilir”.

Anar müəllim Arxiv İdarəsinin beynəlxalq təşkilatlarla və xarici ölkə arxivləri ilə əməkdaşlıq etdiyini, müqavilələr bağlanıldığını deyir:

“Ən son Türkiyə arxivi ilə işləyirik, oradan Azərbaycan tarix və mədəniyyəti, eləcə də ermənilərin törətdikləri qətliamlar, Mart soyqırımı ilə bağlı sənədlər gəlib. Əlbəttə, 1905-ci il erməni-müsəlman qarşıdurmasına dair sənədlər – tariximizdə qanlı iz buraxmış bu faciəli dövrün sübutları da burada qorunur. 1905-1918-ci illərdə Bakı və ətrafında ermənilər tərəfindən qətlə yetirilən şəxslərin siyahısını arxiv sənədlərdən toplamışıq. Bu siyahıda şəxslərin nə vaxt, neçə yaşında nə ilə öldürüldüyü barədə məlumatlar var. Həmin sənədlərdə ermənilərin müsəlmanlara qarşı vəhşiliklərini oxuyanda sarsılmışam. Təsəvvür edin, 1-2 yaşında uşaqları doğrayıblar. Yerində xəstə yatan yaşlı insanları öldürüblər. Bunlar adama təsir edir.

Bu cür məsələlərə görə arxivin qorunması vacibdir. Çünki həm xalqın tarixini əks etdirir, həm də saxtakarlığa cəhd edənlərə maddi sübutdur. Ona görə çalışırıq ki, sənədlər tam qorunsun və gələcək nəsillərə ötürülsün. Düzdür, bu gün tələbələr bura gələndə narazı olduqlarını hiss edirsən. Amma 3-5 gündən sonra qalıb işləmək istədiklərini deyirlər. Bu da bizim əməkdaşların onlarda yaratdığı həvəsdir. Özüm də burada işləməyimlə qürur duyuram”.

Sonra arxiv sənədlərin saxlanıldığı mühafizə otaqlarından birinə baxırıq. Qapıdan içəri girəndə soyuq hava adamın üzünə vurur, sanki harada olduğunun fərqinə varmaq üçün səni ayıldır.

Burada Dövlət Tarix Arxivi Sənədlərin mühafizəsi və uçotu şöbəsinin müdiri Kitayə Poladova bizə məlumat verir. Deyir ki, istər oxucu, istər vətəndaş müraciətləri olanda siyahılara müraciət edilir:

“Siyahılar bizim üçün mündəricat rolunu oynayır. Arxivdə işləmək diqqət, səbr tələb edir. Burada bir şey itsə, samanlıqda iynə axtarmaq kimi olur. Nəyi götürürüksə, yerinə qoymalıyıq. Burada işləyən insanda bir az da vətənpərvərlik hissi olmalıdır. Çünki burada tariximizlə bağlı nadir qiymətli sənədlər var. Hansı qutuda xüsusi qiymətli sənədlər varsa, onları ayırmaq üçün üzərlərinə etiket vurmuşuq. Məsələn, Nobel qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin fondu burada qorunur”.

Kitayə Poladova
Kitayə Poladova

Söhbət əsnasında müsahibimin tədirgin olduğun hiss edirəm. Sən demə, otağa milçək girib. O, milçəyin dərhal çıxarılması üçün cəhd edir və bunun vacib olduğuna diqqət çəkir. Deyir ki, içəridə yad heç nə olmaz:

“Otaq hər ay xüsusi maddələrlə təmizlənir. Kağız sənədlərin saxlanma şəraitinə əməl edilməlidir ki, uzunömürlü olsunlar. Düzdür, indi bütün arxiv materailların rəqəmsallaşdırılması istiqamətində ciddi iş gedir. Sənədlər hər dəfə fiziki aşınmaya məruz qalmaması üçün bu addım atılır. Burada 200 yaşı olan sənədlər var. Rəqəmsallaşdırmadan sonra insanlar xüsusi kodlarla məlumatlara çatacaqlar. Bunun üçün də, yəqin ki, müəyyən ödənişlər, rüsumlar olacaq. Bu sənədlər dünyanın hər yerindən əlçatan olacaq”.

Durna Ağayeva
Durna Ağayeva

Oxu zalına yollanırıq. S.Mümtaz adına Dövlət ədəbiyyat və incəsənət arxivinin aparıcı paleoqrafı Durna Ağayeva ilə oxucuların çətinliklərindən danışırıq:

“Oxucuların ən çox rastlaşdığı çətinlik dillə bağlı olur. Rus dilini bilməmələri indiki gənclərə problem yaradır. Amma biz burada köməklik edirik. Elə bayaq bir vətəndaşa öz soyadının arxivi ilə bağlı araşdırmada yardım etdik. Onun ulu babaları repressiya illərində nəzarətdən qaçmaq üçün soyadlarını dəyişiblər. Həmin şəxs də ulu babasının soyadını araşdırıb tapdı və məhkəmə ilə arxiv sənədinə əsasən təsdiqlədib, soyadını dəyişə biləcək. Ümumiyyətlə, soyadlarla bağlı müraciətlər çox olur. Əlbəttə ki, bütün nəticələr uğurlu olmur. Uğurlu olması üçün məlumatların çox olması lazımdır. Mütləq araşdırma üçün səbr və vaxt olmalıdır. Bunlar olarsa, nəticələr çox vaxt uğurlu olur”.

Beləliklə, bu arxivdə qorunan materiallar tədqiqatçılar, tarixçilər, tələbələr və soykökünü axtaran insanlar üçün bir xəzinədir. Burada səssiz görünən sənədlər əslində danışır. Bəlkə də biz keçmişə baxaraq gələcəyin haradan başladığını daha yaxşı anlayırıq. Və bu anlayışın bünövrəsi elə bu səssiz otaqlarda, saralmış vərəqlərin arasında gizlidir.

Foto: Samirə Həsənova

Chosen
100
50
report.az

10Sources