BAKI, 10 iyun. TELEQRAF
Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan silah-sursat və digər avadanlıqların yenilənməsi prosesi uğurla davam edir. Bu xüsusda digər tərəfdaş ölkələr kimi Pakistandan 40 ədəd dördüncü nəsil “JF-17 Thunder” qırıcısının alınması nəzərdə tutulub. Ordumuz bundan əvvəlki sifarişini genişləndirərək, “JF-17” təyyarələrinin sayını 16-dan 40-a çatdırmağı hədəfləyib. Bu təyyarələr müasir standartlara cavab verən “F-16” qırıcıları ilə müqayisə olunur. Məhz bu baxımdan da Pakistan və Çin tərəfindən birgə istehsal olunan “JF-17 Thunder” təyyarələrinə son illər müxtəlif ölkələr tərəfindən maraq artıb.
Bu sözləri Teleqraf-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, ötən ilin sentyabrından Azərbaycan Pakistandan “JF-17” təyyarələrinin ilkin partiyasını qəbul edib: “Azərbaycan bu təyyarələrin sayını artırmaqla heç bir beynəlxalq kvotanı aşmayıb. Ölkəmizə neçə ədəd hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin döyüş hazırlığını təmin etmək üçün təyyarə və helikopter lazımdırsa, bunların hamısı alınacaq. Sözsüz ki, bu məsələdə Türkiyə, Pakistan, Çinlə yanaşı, müxtəlif ölkələrlə əməkdaşlıq edilir”.
Polkovnik hesab edir ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalını yeniləməsindən kimlərsə narahatlıq keçirtməməlidir: “Hətta bəziləri iddia edir ki, Azərbaycan öz Ordusunun arsenalını tamamilə yeniləyərək, Rusiya istehsalı olan silah-sursatı müasir standartlara cavab verən inventarla əvəzləyir. Təbii ki, bundan narahat olanların mövqeyi özünü çox da gecikdirmədi. Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin absurd bəyanatı və ondan öncə İrəvanda səfərdə olarkən xarici işlər naziri Sergey Lavrovun ermənilərə “Qarabağı rus silahları ilə tutmuşdunuz” mesajları heç də təsadüfi deyilməmişdi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun öz arsenalında olan Rusiya istehsalı hərbi vasitələri dəyişməsi sadəcə olaraq zamanın tələbidir”.
Üzeyir Cəfərov Pakistanla yanaşı, qardaş Türkiyədən də yeni nəsil qırıcı təyyarələrin alınacağını söyləyib: “Azərbaycanın yeni nəsil döyüş təyyarələri almasından qıcıqlanan ermənilər və ruslar fərqli yanaşmalar sərgiləyirlər. Amma bu cür bəyanatlara baxmayaraq, ölkəmiz özünün hərbi infrastrukturunu yeniləməkdə davam edəcək. Belə qırıcıların alınması ilə Azərbaycan özünün hava hücumundan müdafiə qabiliyyətini daha da gücləndirməyi hədəfləyib”.