Bakı, 10 iyun, AZƏRTAC
Bu sərgi türk dövlətlərinin ticari-iqtisadi əməkdaşlığı baxımından böyük əhəmiyyətə malikdir. KOBİA-nın belə sərgilərin təşkilində zəngin təcrübəsi var.
AZƏRTAC xəbər verir ki, bunu II Türk Ticarət Sərgisi çərçivəsində keçirilən forumda KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov deyib.
Onun sözlərinə görə, KOBİA-nın mandatına daxil olan əsas məsələlərdən biri də KOB subyektlərinin istehsal etdikləri məhsulların nümayiş olunmasıdır: “Sərgidə KOBİA öz stendi ilə çıxış edir və burada KOB subyektləri təmsil olunur. Sərgidə türk dövlətlərinin bir araya gəlməsi, müxtəlif respublikaların öz məhsullarını nümayiş etdirməsi ölkələrimiz arasındakı ticari əlaqələrin inkişafında platforma rolunu oynayacaq. Burada həm də ideyaların mübadiləsi baş tutacaq. Bu, ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə gətirib çıxaracaq".
KOBİA rəsmisi qeyd edib ki, 2024-cü ildə türk dövlətləri arasında ticarət dövriyyəsi 45 milyard dollar həcmində olub. Lakin bu ticarət dövriyyəsini daha da artırmaq mümkündür.